• 24 Noyabr 2024 03:54

“Deməli, Zəngəzur yolu mövzusu Ermənistanla Rusiya arasında olan bir məsələdir…”

“Azərbaycanı nəyəsə təhrik edib yenidən müharibə vəziyyətinə salmaq gərəksiz bir şeydir. Və təbii ki, rəsmi Bakı da buna getməyəcək…”

Zəngəzur yolu və ya dəhlizi məsələsi son vaxtlar daha da aktuallaşır. Xüsusən özünü, az qala, Kremlin Güney Qafqaz üzrə canişini kimi aparan Rusiya XİN rəsmisi Mariya Zaxarovanın Naxçıvana gedən yolun “FSB”-nin nəzarətində olacağını vurğuladığı son açıqlamasından sonra Kremlin bu məsələdə təkidli olduğu aydınlaşır. Amma Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev oktyabrın sonunda bəyan etmişdi ki, artıq Zəngəzur yolu Azərbaycan üçün cəlbedici deyil, İranla Naxçıvana həmin ölkə ərazisindən yol çəkilməsi ilə bağlı danışıqlar gedir. Və sonda həmin razılıq əldə olundu və saziş də imzalandı. Bütün bunlara rəğmən bəzi yerli və xarici şərhçilərin iddiasına görə isə Moskva dolayısıyla Azərbaycanı Zəngəzur yolunun açılması üçün Ermənistanla növbəti savaşa təhrik edir. Fəqət, görəsən, hazırkı geo-siyasi durumda belə bir müharibə bizə lazımdırmı?..

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Milli İstiqlal partiyasının fəxri lideri Etibar Məmmədov bu fikirləri səsləndirib:

“Xeyr. Azərbaycan belə bir müharibə etməyəcək və Zəngəzur yolunu da hərb yolu ilə açmayacaq. Çünki buna alternativ olan İran ərazisindən Naxçıvana keçəcək yolun çəkilməsi haqda artıq saziş imzalanıb. Və bu, bir alternativ variant kimi Azərbaycana sərf edir. Belə bir halda pis duruma düşən yenə də Ermənistan olacaq. Çünki İrandan keçən həmin yol açılsa, bu ölkə tamamilə qapalı vəziyyətdə qalacaq və çıxış yolu da, demək olar ki, olmayacaq… Ermənistanın təkcə Gürcüstan ərazisindən Rusiyaya bir çıxış yolu var, o da yalnız ilin müəyyən vaxtlarında işləyir, payız-qış aylarında oradan keçid çox çətin olur. Bu səbəbdən də bu ölkənin iqtisadiyyatına tələb olunan loqistika həcmini təmin edə bilmir”.

Etibar Məmmədov hesab edir ki, Azərbaycanı nəyəsə təhrik edib yenidən müharibə vəziyyətinə salmaq gərəksiz bir şeydir və rəsmi Bakı buna getməyəcək.

“Amma Rusiyaya Zəngəzur dəhlizi lazımdır. Odur ki, Kreml də 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq Ermənistandan həmin yolun açılmasını tələb edir. Çünki həmin sənəddə açıq-aydın yazılıb ki, Ermənistan dövləti Zəngəzur yolunun açılmasını təmin etməli və o yola nəzarəti də Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları təmin etməlidir… Ermənistan da ondan imtina edirsə, deməli, Zəngəzur yolu mövzusu Ermənistanla Rusiya arasında olan məsələdir. Bununla bağlı İrəvana Moskva təzyiq edir. Sonda Ermənistanın da bu yolun açılmasını qəbul etməkdən savayı yolu qalmayacaq. Yəni Azərbaycanı nəyəsə təhrik edib yenidən müharibə vəziyyətinə salmaq gərəksiz bir şeydir. Və təbii ki, rəsmi Bakı da buna getməyəcək”,- deyə siyasətçi vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər