• 25 Noyabr 2024 09:49

Əminə Ərdoğan: “Qəzza bu gün naməlum uşaqlar şəhəridir” – FOTO

 

Türkiyənin Birinci xanımı Əminə Ərdoğanın ev sahibliyi ilə bir çox ölkədən dövlət və hökumət başçılarının xanımlarının və xüsusi nümayəndələrin iştirakı  “Fələstin üçün tək ürək” toplantısı keçirilib. 

Tacxeber.com xəbər verir ki, toplantıda çıxış edən  Əminə Ərdoğan  bildirib ki, bu gün tarixdə yaşadılan dəhşətli məzlumluq yolu ilə özünə beynəlxalq legitimlik sahəsi açmış bir dövləti açıq-aşkar ərköyünləşdirən beynəlxalq sistemin 40 gündür necə qorxulu məxluqa çevrildiyinin şahidi oluruq.

“Ağlıma hər şey gələrdi, amma heç düşünməzdim ki, bir gün müharibələrdə şəxsiyyəti müəyyənləşdirilə bilməyən əsgərlər üçün istifadə edilən “naməlum əsgər” anlayışını uşaqlar üçün istifadə edəcəyik.

Şəfa xəstəxanasında çalışan həkimin “Ən çətin şeyin həyatını itirmiş bir körpənin bədəninə naməlum körpə yazmaq olduğunu” söyləməsi qəzzalı uşaqların yaşadığı dəhşəti xarakterizə edir. Qəzza bu gün naməlum uşaqlar şəhəridir. Mən bir ana, bir qadın, bir insan olaraq belə çirkin mirası hesaba çəkilmədən sonrakı nəsillərə ötürməkdən imtina edirəm. Mən İsrail dövlətinin bütün müvafiq nümayəndələrinin törətdikləri bütün hərbi cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmasını tələb edirəm. Hesab edirəm ki, bu gün Fələstində yaşanan post-modern holokostun özünümüdafiə hüququnun təzahürü olduğunu iddia edənlər də eyni şəkildə məsuliyyət daşımalıdırlar. Artıq heç kim bu gülməli ritorika ilə dünyanın vicdanlı insanlarını axmaq yerinə qoymasın”, – Əminə Ərdoğan deyib.

Təxminən bir əsrdir Fələstin xalqına tətbiq edilən irqçi əməlləri, sistemli oğurluğu və işğal planlarını artıq bütün dünyanın açıq şəkildə gördüyünə diqqət çəkən Əminə Ərdoğan şərq və qərbdəki bütün dövlətlər olmasa da, bütün xalqların artıq Fələstinin haqlı mübarizəsinin müdafiəçisi olduğunu vurğulayıb.

“Humanist dəyərlərin daşıyıcısı olduğunu iddia edən “sivil dünya”nın 40 gün ərzində nümayiş etdirdiyi acizlikdən, apardığı ikiüzlü siyasətdən öz xalqları kimi biz də çox utanırıq. İlk daşı heç kim ata bilmir, çünki çoxunun bu cinayətdə tarixi payı var. Bu gün yaşanan etnik təmizləməni Yaradanın əmri kimi müdafiə edənlərə səslənirəm. Allah heç bir uşağın öldürülməsinə icazə verməz.

Heç bir ideologiya, heç bir siyasi maraq, heç bir iqtisadi qazanc günahsız bir insanın həyatından dəyərli deyil. Yer üzündə qırğın, işğal, oğurluq törədənləri, inancların yaşanmasına mane olanları necə bir son gözlədiyini tarix saysız-hesabsız nümunələrlə göstərir. Tarixin vicdanı heç vaxt zalımın tərəfində olmayıb. Bu gün bu zülmü edənlər bilməlidirlər ki, onların adları qısqanclığı və ehtirasları ucbatından qardaşını öldürən Qabillə, uşaqları qətlə yetirən Nəmrudla, yüzlərlə yeni doğulmuş uşağı öldürən Fironla yanaşı xatırlanacaq. Yaxın keçmişdə yəhudiləri məhv etməyə çalışan qəddarlıqla eyni yerdə xatırlanacaqsınız”, – birinci xanım bildirib.

Əminə Ərdoğan İsrailə və Birləşmiş Millətlər Təşkilatının 5 daimi üzvünə səslənərək bu sözləri deyib:

“Buradan İsrail dövlətindən və dünyada sülh və asayişin bərqərar edilməsinə cavabdeh olan Birləşmiş Millətlər Təşkilatının beş daimi üzvündən soruşmaq istərdim ki, bu vəhşiliyə son qoymaq üçün hansı kritik ölüm həddini gözləyirsiniz? Vicdanları kar edən səssizlikdəki beynəlxalq ictimaiyyətdən soruşmaq istəyirəm. 40 gündür davam edən bu utanc dövründən sonra hansı haqla dünyada sülhü və ədaləti, ümumbəşəri dəyərləri müdafiə edəcəksiniz?

Bir həyatı digərindən ayıran, özündən olmayan hər kəsi və hər şeyi dəyərdən salan bu qaranlığa heç vaxt təslim olmayacağıq. Biz insanları dilindən, dinindən, irqindən və rəngindən asılı olmayaraq şəfqətlə qucaqlayan və onları dəyərli hesab edən qlobal anlayışı müdafiə edəcəyik. Günahsızı, qaçqını, qadını və uşağı, bir sözlə, insanları gəldikləri yerə görə qiymətləndirən ayrı-seçkilikçi zehniyyətin daima qarşısında dayanacağıq.

Bu gün şahidi olduğumuz şey müharibə deyil, yalnız ən güclü və qəddarların sağ qaldığı, digər həyatların asanlıqla qurban verilə biləcəyi bir dünya nizamı qəbul etdirmə cəhdi, əzəldən əbədiyyətə qədər davam edəcək yaxşının, həqiqətin batil ilə mübarizəsidir. Buna görə də mən bütün dövlət başçılarının xanımlarını Qəzzada öldürülənlərin və kütləvi qırğın davam edərkən səsləri susdurulmaq istənənlərin səsi olmağa dəvət edirəm.

Gəlin onlar və dünya üçün elə indi atəşkəs üçün sözlərimizi birləşdirək. Gəlin bu görüşü sözdən hərəkətə keçirərək Fələstində sülh təşəbbüsünə çevirək.

Çünki atəşkəs bizim əsas məqsədimiz olsa da, son məqsəd deyil. Gəlin bütün dünyanı eyni səslə Fələstində və İsraildə davamlı sülhə nail olmaq üçün səylərimizi birləşdirməyə çağıraq”.

Birinci xanım Əminə Ərdoğan toplantıda iştirak edən və videomüraciət göndərməklə Fələstin üçün tək səs, tək ürək olmaq çağırışına ammasız və qeyd-şərtsiz dəstək verən qonaqlara təşəkkür edərək sülh və əmin-amanlıq naminə deyilən hər sözün bir-birinə qarışıb dünyada və ən çox da qərar vericilərin gözündə mənalı bir təsirə sahib olacağına ümid etdiyini söyləyib.

Oxşar xəbərlər