• 24 Noyabr 2024 05:46

“Vağzalı” niyə dəbdən düşür? – Tanınmış ifaçıdan AÇIQLAMA

 

Ailə quran qızların ata evindən köçməsinin simvoluna çevrilən “Vağzalı” rəqsinin tarixinin XVl əsrdəki Qaraqoyunlu qəbiləsinə və ya “Kitabi-Dədə Qorqud” dastanına söykəndiyi deyilir. Bu lirik, qədim melodiya illərdir Azərbaycan toylarının vacib elementinə çevrilib. Lakin son zamanlar digər toy adətləri kimi “Vağzalı”dan da imtina olunur. Sosial şəbəkədə paylaşılan toy videolarından “Vağzalı” əvəzinə Avropa ölkələrinin musiqilərindən, xüsusilə, “Mendelson marşı”ndan istifadə edildiyinin şahidiyik. 

Müğənni Manaf Ağayev də bu günlərdə televiziya verilişlərinin birində bu mövzuya toxunaraq, gənclərin “Vağzalı”dan imtina etdiklərini deyib:

“Toylar var ki, ev yiyələri deyir ki, “Vağzalı” çalınmasın. Başqa xarici musiqi çaldırırlar. İndi başlayacağam bu haqda danışmağa deyəcəklər ki, bu hələ orada qalıb, guya ki bunlar müasirdirlər. Bizim milli musiqimiz təmiz yox olub. Nəyə qulaq asırlar heç özləri də bilmirlər. Gənc nəsil bunları görür elə də başa düşür ki, bizim musiqimiz belə olub. Əvvəl toylar başqa idi”.

Mövzuya münasibət bildirən “Vağzalı” ifaçısının oğlu, tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Bizim.Media-ya deyib ki, bunun bir neçə səbəbi var:

“Səbələrdən biri odur ki, gənclər sosial şəbəkədən Avropa toylarını gördükdən sonra buna daha çox həvəs artıb. Təkcə “Mendelson marşı” yox, başqa musiqilərlə də daxil olurlar. Toyun əvvəlində olmasa da, sonunda mütləq vağzalı ifa olunur. İkinci səbəb isə odur ki, cavan klarnet ifaçıları vağzalını düzgün, gözəl ifa etmirlər. Vağzalını gözəl ifa etsələr, gənc nəsil onlara qulaq asıb, o musiqidən istifadə edər”.

O, hazırda toylara bu musiqini ifa etmək üçün dəvət olunduğunu bildirib:

“Vağzalının ən mükəmməl ifaçısı mənim atam Məşədi Məhəmməd olub. İndi də toyların çoxuna məni məhz vağzalı ifa etmək üçün dəvət edirlər ki, bəy və gəlin mənim ifamla zala daxil olsunlar. Amma bu, bir həqiqətdir ki, cavanlar xarici musiqilərə daha çox meyil edirlər”.

Tacxeber.com

Oxşar xəbərlər