• 25 Noyabr 2024 19:02

“Azərbaycanda indi yazıçı, şair yoxdur” – Əlisa Nicat 

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 nəfər üzvünə ev verməsi son günlər ən çox müzakirə olunan mövzudur. Qurum bununla bağlı siyahı təqdim etməsə də bir neçə yazar, mənzillə təmin olunanların arasında katibələrin, sürücülərin olduğunu və bəzisinin də evə ehtiyacı olmadığını vurğulayıb.  

Bundan əvvəl də AYB tərəfindən mənzillərin bölüşdürülməsi zamanı qalmaqallar yaşanıb. Həmin vaxt mənzillərin evi olana verilməsinə dair ittihamlar irəli sürülüb.

Yazarlar Zahid Sarıtorpaq, Cəlil Cavanşir, Taleh Mansur və digərləri sosial şəbəkə hesablarında Azərbaycan Yazıçılar Birliyini mənzillərin verilməsi zamanı ədalətsizliyə yol verdiklərinə görə sərt tənqid ediblər.

Ötən il maddi imkanının aşağı olması, mənzilini isitmək üçün qaz pulunu verə bilməməsi ilə gündəmə gələn filosof-yazıçı Əlisa Nicat məsələ ilə bağlı Bizim.Media-ya danışıb.

O, hazırda ölkədə evə iddialı olacaq şair və yazıçıların olmadığını deyib:

“Dünyanın heç yerində dövlət yazıçılara ev vermir, bu ənənə heç yerdə yoxdur. Sözüm pis çıxmasın, Azərbaycanda indi yazıçı, şair yoxdur. Hamı primitiv, bəsit, ibtidai yazır. İstedadına, düşüncə və təfəkkürünə görə Mirzə Fətəlilər, Nizamilər, Füzulilərin izi-tozu yoxdur. Yəni heç kim deməsin ki, ev filankəsə yox, mənə verilməlidir”.

Mənzillərin iddia edildiyi kimi texniki işçilərə verilməsinə gəldikdə isə yazıçı bunun Azərbaycan Yazıçılar Birliyinin seçimi olduğunu bildirib:

“O, AYB-dən asılıdır. AYB baxır ki, bu adam burada təmizlikçidir, illər boyu gəlib qəpik-quruşa işləyib, evi buna da verək. Düzü, kim haqlıdır, kim haqsızdır demək çox çətindir”.

Yazıçı hesab edir ki, istedadı olan ev üçün boyun əyməz:

“Mən heç vaxt onlardan ev almamışam, öz evim var. Eşidirəm ki, evlərə görə qırğın-qiyamətdi, müsibətdi. Ləyaqəti, istedadı olan adam heç vaxt boyun əyməz, yalvarmaz, ağlamaz”.

Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyindən (AYB) isə yaxın günlərdə açıqlama veriləcəyi bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər