İrəvan KTMT-dən çıxdı: Ermənistan poliqon olur – Bakı üçün böyük fürsət
Ermənistan KTMT-nin əsas tədbirlərində iştirakdan imtina etməklə, təşkilatı de-fakto tərk etdi. Bu barədə erməni politoloq Beniamin Matevosyan İrəvanın KTMT-dən yardım sənədinin gündəmdən çıxarılması müraciətini şərh edərkən deyib.
Matevosyan qeyd edib ki, rəsmi İrəvanın bu addımı Nikol Paşinyanın “Qərbi Azərbaycan” ifadəsi Azərbaycanın Ermənistana yeni hücuma hazırlığıdır” iddiası fonunda diqqət çəkir.
“Ermənistan hakimiyyəti KTMT-nin hərbi-texniki və müşahidə missiyası yardımından imtina edir. Əgər doğrudan da, müharibənin olacağını düşünürlərsə, bəs niyə bundan imtina edirlər?”, – o deyib.
Matevosyan hesab edir ki, Ermənistanın KTMT-dən formal olaraq çıxması Paşinyanın Praqada Qarabağı Azərbaycan ərazisi kimi tanıması vəziyyətinə bənzəyir: “Ermənistan bununla bağlı heç bir sənədə imza atmayıb, lakin bunun nəticəsini gördük. Azərbaycan Laçın yolunda nəzarət-keçid məntəqəsi qurdu və istəyinə nail oldu. İndi KTMT ilə bağlı vəziyyət də eynidir. Ermənistan təşkilatla əməkdaşlıqdan imtina edirsə, onu tərk etdiyini aydınlaşdırmaq üçün imzaya ehtiyac varmı? KTMT-nin ən mühüm atributlarından biri təlimlərdir. Ermənistan bu təlimlərdə iştirak etmir, öz ərazisində də bunu həyata keçirmir. Təşkilatın iclaslarına qatılmır, baş katibin müavini kvotasından imtina edib və daimi nümayədəliyini geri çağırıb. Beləliklə, Ermənistan KTMT-dəki fəaliyyətini dayandırıb. Təşkilatdan rəsmi şəkildə çıxmamaq Paşinyanın təhlükəsizlik zəmanətlərinin təmin edilməsi ilə bağlıdır. Buna görə də parlamentin spikeri bildirdi ki, baş nazirin yekun qərarı olmadan təşkilatdan çıxmaq elan olunmayacaq. Yəni hansısa hazırlıq işləri gedir və proses başa çatdıqdan sonra elan olunacaq”.
Erməni politoloq Avropa İttifaqının müşahidə missiyasının statusu haqda sazişin imzalanmasına diqqət çəkib.
“Bütün bunlar Rusiyanı Qərblə əvəzləmək məntiqindən irəli gəlir. Əgər müşahidəçilərin sayı min yox, 5 min olarsa və onların bir hissəsi yalnız durbinlə silahlanmayıbsa, bəlkə bundan sonra Paşinyan KTMT-dən çıxmağı rəsmi şəkildə bəyan edəcək. Burada ziddiyyətli məqam odur ki, Aİ “təhlükəsizlik təşkilatı” deyil və özünün təhlükəsizliyi NATO tərəfindən təmin edilir.