• 24 Noyabr 2024 03:18

“Bu, bütövlükdə Azərbaycanın futbol ictimaiyyətinə qarşı təhqirdir”

“Hər şey göz qabağında oldu. Acı məğlubiyyətdir. İlk dəqiqələrdən komandamız rəqibə qarşı heç bir güc göstərə bilmirdi”.

Bu sözləri qol.az saytına açıqlamasında futbol mütəxəssisi Bəxtiyar Musayev deyib. O, Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsinin son görüşündə Belçikaya səfərdə 0:5 hesabı ilə uduzması barədə danışıb.

Azərbaycan millisinin rəqibə qarşı heç bir müqavimət göstərə bilmədiyini vurğulayan B.Musayev Eddi İsrafilovun 2 sarı vərəqə alaraq yığmanı azlıqda qoymasında da toxunub: “11 nəfərlə meydanda olanda da meydanın mərkəzini keçə bilmirdik. Məncə, Eddi İsrafilov görüşün 20-ci dəqiqələrində yorulmuşdu ki, bu cür kobud səhv etdi. Çünki 1 sarı vərəqəsi olan futbolçu heç vaxt qarşıdakı oyunçuya qarşı belə səhv etməz. Kobud, bağışlanılmaz səhvə yol verdi və komandanı azlıqda qoydu. Amma 11 nəfərlə oynasaq belə, bu cür hesab qeydə alına bilərdi. Çünki 2-ci hissədə rəqib demək olar ki, çox da təzyiq göstərmirdi. Sonda da bu cür nəticə oldu”.

Mütəxəssis milli komandanın baş məşqçisi Canni De Byazinin görüşdən sonra təşkil olunan mətbuat konfransında jurnalistlərə qarşı hörmətsizlik etməsi haqqında da danışıb: “Canni De Byazinin matçdan sonrakı mətbuat konfransında etdiyi çıxışlara görə çox əsəbiyəm. Bu heç kimə yaramayan baş məşqçi təəssüf ki, 3 ildir, bizim milli komandamıza başçılıq edir. Mən dəfələrlə onun heç bir məşqçilik qabiliyyətinin olmadığını demişdim. Təəssüflər olsun ki, dediklərimin hamısı doğru çıxdı. De Byazi 1 ay öncə yığmamızın Belçika ilə görüşündən sonra hörmətsizlik etmişdi. “CBC Sport”un xanım jurnalisti matçdan sonra canlı yayımda ona sual verərkən De Byazi cavabının tərcüməsini belə gözləmədən oranı tərk etmişdi. Belçika ilə səfər oyunundan sonra da belə bir şeyin şahidi olduq. O, jurnalistləri təhqir etdi. Amma bu, nəinki idman jurnalistlərinə, bütün futbol ictimaiyyətinə, mütəxəssislərə qarşı da edilən bir təhqir idi. Ən başlıcası da odur ki, De Byazi ona dəfələrlə inananları təhqir etdi”.

B.Musayevin fikrincə, Canni De Byazi AFFA-nın onunla müqaviləni uzatmayacağını bildiyi üçün bu cür hörmətsizlik edib: “De Byazi artıq hiss etmişdi ki, bundan sonra onunla müqavilə yenilənməyəcək, ona görə də sonda guya sözünü deyib getmək istədi. Bilirdi ki, onunla müqaviləni uzatmaq heç kimin ağlından belə keçmir. Qorxaqcasına, alçaqcasına söz dedi. Tərcüməçinin cavabını gözləmədən yenə zalı tərk etdi. Eşitdiyim məlumata görə, bizim jurnalistlərimiz onun “axmaq” ifadəsini işlətdiyini xarici mətbuatdan öyrəniblər. De Byazinin tərcüməçisi bu sözü tərcümə etməyib. Yəqin ki, bu addımı etikadan kənarlaşmamağa görə atıb. Amma bu, səhv bir addımdır. Tərcüməçinin işi tərcümə etməkdir. O da sanki De Byazini qoruyub, onun azərbaycanlılara yağdırdığı təhqirləri malalayıb. Məncə, bu da böyük bir qəbahətdir. Çox pis oldum”.

B.Musayev Canni De Byazinin milli komandadan ən az 1 ay əvvəl qovulmalı olduğunu söyləyib: “Onu ən az 1 ay öncə qovmaq lazım idi ki, onun CV-sində “qovuldu” yazılsın. Lakin təəssüflər olsun ki, De Byazi müqavilənin sonuna qədər iş başında oldu. Havayı pullar qazandı. Haram xoşu olsun. Çünki o, layiqli bir məşqçi deyildi. Axırda da hər birimizi təhqir edərək getdi. Sonda dirçəlişdən, inkişafdan danışdı. Təəssüflər olsun ki, De Byazi qovulmadı. Bir növ demək istədi ki, mən axmaq deyiləm. Hər dəfə mərhələnin sonunda müqavilənin uzadılacağına ümid edirdi, jurnalistlərlə şit-şit zarafat edirdi, gülürdü, danışırdı, özünü yaxşı göstərmək istəyirdi. Amma bu dəfə bilirdi ki, müqavilə uzadılmayacaq. Ona görə də təhqirlər edib getdi. Təəssüf… Kaş ki, CV-sində “qovuldu” ifadəsi yazılardı və başqa komandalar da onu cəlb etməzdi. İnanmıram ki, kimsə bundan sonra onu məşqçi kimi istifadə etsin. Necə ki, Berti Foqtsu bizdən sonra heç kim istifadə etməmişdi. De Byazi üçün də belə olacaq. Amma De Byazi qovulmalı adamcığaz idi”.

Tacxeber.com

Oxşar xəbərlər