• 24 Noyabr 2024 07:52

Yüksək təzyiqdən əziyyət çəkənlər, mədəsində problem olanlar bu meyvəni mütləq yeməlidirlər

 

Cənub bölgəsində yetişən feyxoa xüsusən payız aylarında istehlak edilən əvəzsiz meyvədir. Feyxoanın adı təzyiq və zob xəstələrinin müalicəsində daha çox hallansa da, bu meyvənin orqanizm üçün faydası olduqca çoxdur.

Tacxeber.com xəbər verir ki, mütəxəssislərin sözlərinə görə,  feyxoanın tərkibində əsasən saxaroza və qlükoza ilə təmsil olunan şəkərlər, limon, alma və s. turşular, dabbaq maddələri, pektin, yod, eyni zamanda flavanoid, qlükozid, kumarin, hər 100 qram meyvədə 50-80 milliqram C, E, PP, B1, B2, zülal, karbohidratlar var.

Bu meyvə qəbizliyin qarşısını alır, həzmi yaxşılaşdırır, mədə-bağırsaq problemlərinin dərmanıdır.

Xərçəngdən qoruyur, qalxanvari vəz xəstəlikləri, yod çatışmazlığına möcüzəvi təsir edir.

Bir kiloqram təzə feyxoada 2 milliqramdan 10 milliqrama qədər yod var. Bu səbəbdən qalxanabənzər vəzin yod çatışmazlığı və hipofunksiyası ilə bağlı xəstəliklərində feyxoa əvəzedilməz təbii vasitədir. Orqanizmdəki müxtəlif iltihab ocaqlarında iltihab əlamətlərini aradan qaldırır.

Feyxoanın virusəleyhinə xüsusiyyətləri də az deyil. Belə ki, soyuqdəymə zamanı feyxoadan hazırlanmış çay orqanizmə müalicəvi təsir göstərir.

Ürək-damar xəstəliklərində, xolesterin, yüksək təzyiq problemində feyxoa istehlak etmək çox faydalıdır.

Feyxonanın qabığını çoxları sevməsə də, bu meyvənin qabığında Cr, P1, V, Cu, Mn, Ni, S, Ti, Fe kimi mikroelementlər toplanıb.

Feyxoa yarpaqlarındakı faydaları bilsəniz, nəinki qabığını, yarpaqlarını da atmazdınız. Belə ki, feyxoa yarpaqlarının dəmləməsi diş ağrısı, damaqların iltihabı, qanaması zamanı çox köməyinizə çatacaq.

Feyxoa öz spesifik dadı, xüsusən ətri ilə fərqlənir. Bu meyvədən həm də mürəbbə, cem, kompot, şirə hazırlanır.

Yuxarıda qeyd etdiyimiz kimi, feyxoanın tərkibində şəkər var. Bu səbəbdən allergiyası, şəkəri olanlar və piylənmədən əziyyət çəkənlərə bu meyvədən az miqdarda yemələri, diqqətli olmaları tövsiyə edilir.

Tacxeber.com

Oxşar xəbərlər