• 24 Noyabr 2024 05:37

““AbzasMedia”dakı jurnalist fəaliyyəti, hakimiyyətdəkilərin korrupsiya əməlləri barədə araşdırmalarıdır.”

“Abzas Media”nın direktor müavini Məhəmməd Kekalova da ittiham irəli sürülüb.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev jurnalist Aytac Tapdığa verib.

O bildirib ki, Məhəmməd Kekalov Cinayət Məcəlləsinin 206.3.2-ci (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə qaçalmalçılıq) maddəsilə ittiham olunur.

Ailəsilə müqavilə bağlayan vəkil Rövşanə Rəhimliyə M.Kekalovla görüşə icazəsi verilmədiyi bildirilir. DİN-dən ictimai fəala başqa vəkil təyin edildiyi deyilib.

Xatırladaq ki, Məhəmməd Kekalov noyabrın 20-də saxlanılıb. Daxili İşlər Nazirliyi isə bundan iki gün sonra – noyabrın 22-də məsələyə münasibət bildirib və onun müvafiq cinayət işi üzrə məsuliyyətə cəlb edildiyi, araşdırma aparıldığı qeyd olunub. DİN-dən cinayət işinin təfərrüatları barədə məlumat verilməyib.

Qeyd edək ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli də noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb.

Günorta isə “AbzasMedia”nın ofisində axtarış aparılıb.

Axtarış nəticəsində ofisdən 40 min avro pul tapıldığı iddia olunub.

Mətbuat orqanının baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-nə keçən gecə saat 2 radələrində İstanbuldan gələn təyyarə Bakıda yerə enən kimi saxlanılıb.

Daha sonra gecə saat 3 radələrində onun yaşadığı evdə axtarış aparılıb. Ancaq mənzildən heç nə tapılmadığı bildirilir.

Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Ötən axşam Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Ülvi Həsənli barəsində 4 ay, Sevinc Vaqifqızı haqqında isə 3 ay 29 günlük həbs qətimkan tədbiri seçilib.

Sevinc Vaqifqızı hakimə deyib ki, Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə irəli sürülmüş ittiham saxtadır. O bildirib ki, həbsinin səbəbi “AbzasMedia”dakı jurnalist fəaliyyəti, hakimiyyətdəkilərin korrupsiya əməlləri barədə araşdırmalarıdır. Ülvi Həsənli də məhkəmədə qaçaqmalçılıq ittihamının absurd olduğunu, ofisdən tapıldığı iddia olunan pulların orada axtarış aparanların özlərinin atdığını deyib.

 

Tacxeber.com

Oxşar xəbərlər