“Açıq deməliyəm ki, Ermənistanın irəli südüyü “Sülh yollarının kəsişməsi” layihəsi utopik bir layihədir. Bu eyni zamanda yeni bir şey deyil. 3 ildir ki, sülh dövrü eşidirik, məlum oldu ki, sülh dövrü sülhün kəsişməsidir. Çox gözəl səslənir, amma problem ondadır ki, bütün bu layihələr hansı təhlillərə əsaslanır və haradan qaynaqlanır, çünki vəziyyəti təhlil edəndə irəli sürülən tezislərin tam əksini görürük”.
Ölkə.az xəbər verir ki, bunu erməni politoloq Hrant Ter-Abrahamyan erməni mediasına müsahibəsində deyib.
Onun sözlərinə görə, sülh müqaviləsi imzalanmadan belə utopik layihələri səsləndirməyin mənası yoxdur.
“Ermənistan tərəfi deyir ki, müqaviləni imzalamaq üçün texniki məsələlər qalıb, bəs bunlar hansı texniki məsələlərdir ki, bu qədər gecikdirilir? Bu, bir həqiqətdir ki, sülh müqaviləsi yoxdur. Belə olan halda insanlar niyə sonsuz bu tezislərlə qidalandırılır. Hesab edirəm ki, erməni xalqına real təhlükələrdən danışılmalıdır. Bu üç il ərzində müdafiə sistemi dəyişdirilməli idi. Yoxsa yeni adlarla özümüzü aldadıb yaxşı heç nə əldə etməyəcəyik”, – politoloq vurğulayıb.
Politoloq əlavə edib ki, bu gün Azərbaycana Zəngəzurdan Naxçıvana keçən yol yox, dəhliz lazımdır: “Əgər Azərbaycana lazım olan tək şey Ermənistandan Naxçıvana gedən yol olsaydı, bizim çox “sevimli” hökumətimiz o yolu çoxdan həyata keçirərdi. Azərbaycan yolla razı deyil, onlara Zəngəzur dəhlizi lazımdır.
Digər tərəfdən Zəngəzur dəhlizində Türkiyə və Rusiya da maraqlıdır”.
Onun fikrincə, Azərbaycan regionda üstünlüyü bərqərar etmək istəyir: “Onlar bizim kimi düşünmürlər, məsələn, 1994-cü ildə qalib gələndə biz o qələbə ilə üstünlüyə nail olacağımızı düşünmürdük. Azərbaycanlılar siyasi təfəkkürlüdürlər, qalib gəliblər və siyasi kapitalları ilə regionda dominant dövlət olmaq istəyirlər. Azərbaycanın Ermənistanı mümkün qədər sıxışdırmaq istəyir ki, ayağa qalxmaq şansı olmasın… Bakı eyni zamanda Ermənistanı hərbi potensialdan məhrum edərək nəzarət altına almasına çalışır. Mən bunu daha geniş kontekstə varmadan yalnız Azərbaycan haqqında deyirəm. Bu zaman iqtisadi amil ikinci yerdədir. İlham Əliyev açıq şəkildə deyir ki, Ermənistana hərbi potensialını bərpa etmək şansı verməyəcək”.
O əlavə edib ki, nə qədər sülh müqavilə bağlanmayıb və digər bütün məsələlər öz həllini tapıb, müharibə təhlükəsi var: “Bu gün Azərbaycan Ermənistanla hansısa mücərrəd sülh əldə etməyə çalışmır. Azərbaycan elə bir sülh istəyir ki, həmin sənəd ona bölgədə dominant gücə çevirməyə imkan versin”.