• 24 Noyabr 2024 01:55

İQOR PONOMARYOV: “YERLİ MƏŞQÇİ GƏLSƏ, NƏTİCƏ OLMAYACAQSA BELƏ, ONA GÜVƏNMƏLİYİK”

Tacxeber.com Azərbaycan milli komandasının sabiq baş məşqçisi İqor Ponomaryovun Apasport.az saytına müsahibəsini diqqətinizə çatdırır:

– Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsindəki çıxışını başa vurdu və yenə də qrupdan çıxa bilmədik. İsveç və Belçikaya 0:5, Avstriyaya 1:4 hesablı məğlubiyyətlər daha çox yadda qaldı. Millinin çıxışını necə dəyərləndirirsiz?

– Millimizin qrupdakı çıxışı barədə nə söyləmək olar? Əlbəttə ki, zəif çıxış etdilər. Böyükhesablı məğlubiyyət oldu. Bu da xoş deyildi. Təbii ki, millimizin bu tsikldə yaxşı çıxış edəcəyini gözləyirdik. Amma təəssüf ki, yenə olmadı. Tsiklin sonlarında futbolçular öz oyununu tapdılar, daha yaxşı oynamağa başladılar. Amma Belçikadan böyükhesablı məğlubiyyət xoş deyildi. Onun da öz səbəbləri var idi. Azlıqda qalmışdıq. Eddi İsrafilova əsas heyətdə yer verilmişdi. O da zədədən qayıtmışdı. Buna görə də o da “yandı”. Hardasa çatdırmadı, epizodda da görünürdü. Hər halda, uzun müddət oynamaması özünü göstərdi. Fikrimcə, hər zaman millinin daha yaxşı çıxış etməsini istəyib, arzulayırıq. Amma təəssüf ki, əvvəlki illərdəki kimi oldu.

– Azərbaycan millisi illər əvvəl də qrupdan çıxa bilmirdi, indi də. Niyə heç nə dəyişməyib?

– Heç nə dəyişmədiyini demək də olmaz. Hər halda, hazırda indi milli üçün pis futbolçu seçimimiz yoxdur. Yaxşı futbolçularımız var. Məncə, biz qrupda hardasa mübarizə apara bilərdik. Üstəlik, İsveç də bu tsikldə o qədər yaxşı deyildi. Hər halda, üçüncü yer uğrunda oynamaq mümkün idi. Lakin Avstriya, Belçika bizdən və İsveçdən güclü idi.

– Canni De Byazi Azərbaycan millisində üç il işlədi və ortaya heç nə qoya bilmədi…

 

Buna görə çox müzakirələr aparırıq. Ancaq sizə deyim ki, xarici məşqçi üçün bura gələrək tez bir zamanda nəsə etməsi çox çətindir. O, hardasa futbolçularla kontakt qururdu, onlar da daha yaxşı oynamağa başlamışdılar. Lakin bu yetərli deyildi. Hər halda, burada Canni De Byazini günahlandırmaq çətindir. İstənilən xarici məşqçi gəldiyi yerdəki futbolla bağlı heç nə bilmir. Ya həmin xarici mütəxəssis ölkəmizdə uzun müddət işləməlidir, ya da əlinin altında o qədər yaxşı futbolçu olmalıdır ki, seçimi geniş olsun. Onlardan kimsə olmayanda, bu, problemə çevrilir.

– Belçika ilə matçdan sonra De Byazi azərbaycanlı jurnalistləri axmaq adlandırıb və belçikalı jurnalistdən bunu özləri üçün tərcümə olunmasını da istəyib. Onun bu cür tərbiyəsiz davranışı haqda fikriniz necədir?

– Jurnalistlərimizə qarşı hörmətsiz davranması doğru deyil. Ola bilər ki, böyükhesablı məğlubiyyətə görə həmin anda üzülmüşdü. Bəlkə də, sual onun üçün uyğun olmayıb. Amma o, millinin baş məşqçisidir və istənilən halda, səfərdə və ya evdə oynasaq belə, özünü ələ almalıdır. Jurnalistlərə qarşı davranışı təbii ki, heç də yaxşı deyildi. Hər zaman çətin suallar olacaq. Belə anlarda vəziyyətdən çıxmaq, ya da elə danışmaq lazımdır ki, insanlar səni başa düşsün. Səni başa düşmürlərsə, kimisi təhqir etmək doğru deyil. Doğru hərəkət deyildi.

– Azərbaycan millisinə hazırkı durumda hansı məşqçi dəvət edilməlidir? Yerli, yoxsa xarici mütəxəssis?

– Mən hər zaman yerli məşqçinin gətirilməsinin tərəfdarıyam. Amma yerli mütəxəssis gələndə də hamımız ondan nəticə gözləyəcəyik. Bəs, o nəticə verməyəcəyi təqdirdə, nə deyəcəyik? Deyəcəyik ki, “yerli məşqçiyə tapşırdılar, amma nəticə vermədi, onda nəyə lazım idi və gəlin, yenidən xarici mütəxəssis gətirək?”. Əgər yerli məşqçi gətiririksə, güvənməli və bir müddətdən sonra nəyəsə nail olmaqdan ötrü ona şans verməliyik.

– Baş məşqçi seçimi doğru aparılarsa, nəticə uğurlu alınacaq, yoxsa istənilən halda eyni olacaq?

– Belə nəticə olacaq ya, yox, rəqiblərdən də asılıdır. Bəzən rəqib güclü olmaya bilər və xallar qazana bilərsən. Yerli məşqçi gəlsə də, ona dəstək olmalıyıq. Nəticə olmayacaqsa belə, yenə də ona güvənməliyik. Uğursuz oldusa, yenidən xarici gətirək kimi fikirlər olmamalıdır. Stabilliyə ehtiyac var. Məşqçi gətirib müəyyən vaxt vermək lazımdır ki, işləsin və bəlkə onda biz nəticələr qazanacağıq. Bununla yanaşı, yerli futbolçularımız da inkişaf edir. Liqada komanda sayının çoxalması üstünlükdür. Daha bir neçə komanda gəlsə, yaxşıdır. Hər halda, liqa daha maraqlı olar və yerlilərimiz daha çox oynayar. Millinin seçim şansı da çoxalar. Ümid edək ki, liqamızda komanda sayını artıracaqlar, futbolçularımız inkişaf edəcək. Hamısı bir-birilə əlaqədar məsələlərdir. Bundan sonra yerli məşqçimizdən də uğurlu nəticə gözləyə bilərik.

Tacxeber.com

Oxşar xəbərlər