Bir il əvvəl Zaqatalada itkin düşən hindistanlı turisti tapana 10 milyon rubl (təxminən 192 min manat) bəxşiş veriləcək.
Tacxeber.com xəbər verir ki, bu barədə Lent.az-a turistin qardaşı məlumat verib:
“Qardaşım Manikant Kondaviti 2022-ci il mayın 13-də Azərbaycanın Zaqatala rayonunda itkin düşüb. Onunla sonuncu dəfə 2022-ci il mayın 12-də “Şamilovka” yaylasında olarkən əlaqə saxlamışdıq.
Hesab edirik ki, o, Dağıstanda, ya da Azərbaycanla sərhədə yaxın kəndlərdə ola bilər. Onun itkin düşməsindən bir ildən çox vaxt keçib və biz hələ də onun evə gəlməsini gözləyirik. Lakin həmçinin, tanımadığı yerdə olduğu üçün çətinlik çəkdiyini də düşünürük.
Onu tez tapıb bizə qaytaran şəxsə 10 000 000 rus rublu məbləğində pul mükafatı elan edirik”.
O əlavə edib ki, mükafatla bağlı şərtləri var:
“Bu mükafat fondu onu tapan insanların sayına bərabər bölünəcək. Nəzərə alın ki, biz heç kəsi ciddi xəsarət və ya ölümlə nəticələnən riskləri gözə almağa təşviq etmirik və buna görə məsuliyyət daşımırıq. Bu mükafat ancaq sağ tapılıb bizə sağ-salamat qaytarılacağı təqdirdə veriləcək. O, sağ və sağlam olduğu müddətdə onun yerləşdiyi şəraitin əhəmiyyəti yoxdur”.
Qeyd edək ki, bir il əvvəl Zaqatalada itkin düşən hindistanlı turistin tapılması üçün artıq Dağıstanda axtarışlara başlanıb.