• 24 Noyabr 2024 13:05

Sərt ritorikanın bədəli – Vilders seçkidə qalib gəlsə də, baş nazir ola bilmir

Hollandiyada keçirilən parlament seçkilərində tənqidçilərinin ksenofob hesab etdiyi “Azadlıq” partiyası qalib gəlib. Bu partiya seçicilərin 23,5%-nin dəstəyini qazanıb və yaranışından bəri ilk dəfədir seçki birincisi olur. 150 yerlik parlamentdə partiyanın 37 yeri olacaq.

Ancaq bu, hələ “Azadlıq” partiyasının hökumət kabineti qurması, lideri Gert Vildersin baş nazir kürsüsünə oturması demək deyil. Güman olunur ki, Vilders koalisiya yarada bilməyəcək. İndilikdə onun digər partiyalarla münasibəti yaxşı deyil. Onlar Vildersi və partiyasını, yumşaq deməsək, nasist hesab edirlər.

15,5% səs toplayaraq seçki ikincisi olan Yaşıllar və Əmək partiyasının alyansının rəhbəri Frans Timmermans seçkinin nəticələri bilinəndən dərhal sonra Vilderslə əməkdaşlıq etmək fikrində olmadığını bildirib.

Niderlanda 13 əl ərzində rəhbərlik etmiş baş nazir Mark Rüttenin istefasından sonra, 14 avqust 2023-cü ildə partiya lideri seçilən, buna qədər ədliyyə və təhlükəsizlik naziri postunu tutan Dilan YeşilgözZegeriusun Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası 15,1% səslə üçüncü yeri tutub və o da Vilderslə yaxınlaşmaq fikrində deyil.

Son seçkilərdə “Yeni Sosial Müqavilə” partiyası da uğurla çıxış edərək 12,8% səs və parlamentdə 20 yer qazanıb.

Seçkilərdə Vilders üçün xoş sürpriz Karolin Van der Plasın Fermer-Vətəndaş Hərəkatının uğuru olub. Sağ təmayüllü bu qüvvə 4,7% səs toplayıb və 7 mandat qazanıb.

Maraqlıdır ki, Gert Vilders kimi Dilan Yeşilgöz-Zegerius da ölkəsinin miqrantlara qarşı siyasətinin sərtləşdirilməsinin tərəfdarıdır. Başqa sözlə, onların ikisi də Niderlanda mühacir gəlməsini istəmirlər. Gert Vildersin bir tərəfi holland olsa da, İndoneziya qarışığı var, Dilan Yeşilgöz isə Türkiyədə, Ankarada doğulub, kürd əsillidir, 7 yaşında ailəsi ilə birlikdə Niderlanda köçüb. Ancaq özləri mühacir olan siyasilər indi mühacir axınına qarşı çıxış edirlər.

Ümumiyyətlə, hesab olunur ki, bu, Avropa siyasətində yeni bir tendensiyadır. Böyük Britaniya Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Suella Braverman da, özü Afrikadan olmasına baxmayaraq, miqrasiya ilə bağlı sərt fikirlərə malikdir. Bu təmayül son 15 ildə Avropanın ifrat şəkildə qaçqın axınına məruz qalması ilə bağlıdır.

Beləliklə, sərt ritorikası üzündə Niderland siyasətində təklənmiş duruma düşən Vilders hökumət koalisiyası qura bilməsə, seçki birincisi olmasına baxmayaraq, yenə də müxalifətdə qalacaq.

Gert Vilders 1963-cü ildə Venlo əyalətində doğulub. O, 1998-ci ildən Hollandiya parlamentinin üzvüdür. Əvvəlcə Azadlıq və Demokratiya Xalq Partiyasının üzvü olub, 2006-cı ildən isə öz təşkilatını – “Azadlıq” partiyasını yaradıb. Vilders sərt anti-islam ritorikası sayəsində geniş populyarlıq qazanıb.

Bu şəxsin 1989-cu ildən üzvü olduğu partiyadan ayrılmasının səbəbi Türkiyənin Avropa Birliyinə daxil olmasına etiraz etməsi olub. Vilders bu məsələdə hakim partiyanın mövqeyi ilə razılaşmayıb.

2006-cı ilin noyabrında keçirilən seçkilərdə onun partiyası 6 faiz səs qazanıb, 2009-cu ildə Avropa Parlamentinə Hollandiya nümayəndələrinin seçkilərində isə 16% səs toplayıb.

Sonrakı seçkilərdə o, səs faizinə görə ikinci, üçüncü yerləri tutub. Ancaq diqqətçəkən faktdır ki, Vilders müsəlman ölkələrindən olan mühacirlərə, ümumiyyətlə, İslama qarşı ritorikasını sərtləşdirdikcə, seçici dəstəyi də artıb.

2010-cu ilin iyulunda Vilders öz partiyasını nümunə göstərərək beynəlxalq anti-İslam hərəkatı yaratmaq niyyətini açıqlayıb.

Vilders özünü azad iradə ideologiyasının nümayəndəsi kimi təqdim edir, ancaq onu bəzən ifrat sağçı nasistlərlə əlaqələndirirlər. Sol opponentləri və müsəlmanlar isə onu “sağçı ekstremist” adlandırırlar.

O, İslamı sərt tənqid etməsini və Hollandiyaya müsəlman immiqrasiyasını qadağan etmək təklifini belə izah edir: “Bu, müsəlmanların pis insanlar olduğuna görə deyil. Xristian və yəhudi dəyərlərinə əsaslanan mədəni irsimiz və cəmiyyətimiz İslam cəmiyyətindən daha yaxşıdır”. Vilders hesab edir ki, immiqrasiyanı dayandırmasalar, Avropanı itirəcəklər. Bundan əlavə, o, “mötədil İslam” kimi bir anlayışı inkar etsə də, deyir ki, mötədil müsəlmanlar var və Qərbdə bir çox müsəlman qanuna tabe olan vətəndaşlardır. Vildersə görə, İslam “azadlığa, qanunun aliliyinə və dinlə dövlətin ayrılmasına qarşı yönəlmiş totalitar ideologiya” rolunu oynayır.

O, geniş beynəlxalq rezonansa və fərqli rəylərə səbəb olan qısametrajlı “Fitnə” sənədli filmində dini fanatiklərin törətdiyi terror aktlarını əks etdirib və bunu Hitler nasizmi ilə müqayisə edib.

Vilders Yaxın Şərq münaqişəsində İsrail tərəfdarıdır. O, 2 il bu ölkədə yaşayıb. Partiya lideri hesab edir ki, “İsrail Qərbin İslam təhlükəsi adlandırdığı şeyə qarşı ilk müdafiə xəttidir”.

Vilders Fələstin probleminin həllində İsrailin hər hansı güzəştə getməsini rədd edir və yeganə düzgün həll yolunun İordaniyanın adının dəyişdirilib Fələstin qoyulmasını və bütün fələstinlilərin oraya yerləşdirilməsi olduğunu deyir.

Əgər o, bu dəfə hökumət qura bilməsə və Niderlandda yeni seçki keçirilsə, ola bilər ki, Vildersin partiyası daha çox səs alaraq təkbaşına və ya ikili koalisiya qurmaq imkanı əldə edəcək. (Musavat)

 

Tacxeber.com

Oxşar xəbərlər