• 24 Noyabr 2024 04:04

Qara dənizdə “əsrin qasırğası” tüğyan edir: Krımda yüzlərlə insan təxliyə edilib…

“Ukrayna və Rusiya KİV-lərinin yazdığına görə, bu, son 100 ildə müşahidə edilən ən güclü qasırğadır…”

 

“Dalğa və külək o qədər güclü və böyük olub ki, sahildəki evlərin damını uçurub, ağacları kökündən qoparıb, elektrik xətlərinin dayaqlarını aşırıb, evləri və yolları su basıb…”

Qara dənizdə güclü qasırğa səbəbindən Krımda təxminən 500 min adam işıqsız qalıb. Krım sahillərində küləyin sürəti saatda 115-130, dağlıq yerlərdə 150 km-ə çatır.

“Poseidon” monitorinq sisteminin məlumatına görə, Krımın cənub və cənub-şərq sahillərində dalğaların hündürlüyü 8-9 metrdir. Rusiya və Ukrayna KİV-ləri bu qasırğanı son 100 ilin ən güclü qasırğası adlandırır.

Yerli mətbuat yazır ki, külək binaların damlarını uçurub, ağacları kökündən qoparıb, elektrik xətlərinin dayaqlarını aşırıb, həmçinin evləri və yolları su basıb.

Yarımadanın Rusiya tərəfindən təyin edilmiş “hakimiyyəti” məlumat verir ki, hava şəraiti ilə əlaqədar olaraq Saki-Yevpatoriya magistral yolu tamamilə bağlanıb.

Yevpatoriyada dalğa o qədər güclü və böyük olub ki, sahildəki evlərin pəncərələri sınıb, evləri su basıb. Tikililərin birinin damını isə külək yerindən qoparıb.

Yevpatoriyadan su basmış evlərdən 150 sakin, sahildəki mehmanxanadan 100-dək insan təxliyə edilib.

“Dəniz sahillərdən aşır, yaxınlıqdakı sahələri və evləri su basır. Biz unsanların təxliyəsinə başlamışıq”, – bunu üzdəniraq şəhər administrasiyasının rəhbəri Yelena Demidova “İnterfaks” agentliyinə deyib.

Qasırğa Krasnodar diyarının şəhərlərinədək çatıb. Gelencik, Tuapse, Soçi və digər şəhərlərin sahillərində hündürlüyü 8 m olan dalğalar qeydə alınıb.

Adlerdə ağac insanların olduğu dayanacağa düşüb, ilkin məlumata görə, zərərçəkən olmayıb.

Krımda “əsrin qasırğası” davam edir. Tsiklonun episentri gecəyarısınadək yarımadaya çatacaq.

İlhaq edilmiş Krımın “rəhbəri” Sergey Aksyonov noyabrın 27-ni istirahət günü elan edib. Bundan öncə Sevastopol “hakimiyyəti” də belə qərar verib.

Belə hava şəraiti Ukraynanın materik hissəsini də cənginə alıb. Prezident Vladimir Zelenski məlumat verib ki, ölkənin 10 vilayətində, o cümlədən Odessa, Nikolayev, Kirovoqrad, Çerkassk və Kiyev vilayətlərində təxminən 400 yaşayış məntəqəsi işıqsız qalıb.

Oralarda operativ qərargahlar işə başlayıb. Bundan başqa, güclü qar yağması barədə məlumat verilir.

Odessada qasırğa küləyinin təsirindən rayonun böyük gücə malik qazanzalarının birinin 100 metrlik borusu aşıb, bu barədə Odessa meri Gennadi Truxanov məlumat verib.

Bundan öncə “Odessa şəhərinin istilik təchizatı” müəssisəsi məlumat verib ki, elektrik enerjisində fasilələr və elektrik təchizatının tam kəsilmə ehtimalı səbəbindən gələcəkdə qəzalı vəziyyətlərin qarşısını almaq və avadanlığın dayanıqlı işləməsini təmin etmək üçün rayonun iri qazanxanalarının işini müvəqqəti dayandırmağa məcbur olub. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər