Xalq yazıçısı Çingiz Abdullayevlə ATV telekanalı arasındakı ədavət davam edir.
Yazıçı ATV rəhbərliyini general Polad Həşimovun və oxucusu olmuş digər şəhidlərimizin xatirəsini təhqir etməkdə suçlayıb:
“Həşimov da mənim oxucum olub. Ceyhun Şalıyev kitablarımı oxuyub, onları toplayıb. O, Füzuliyə ilk girənlərdən biri olub. Onun atası məni oğlunun ölümünün ildönümünə dəvət edərkən evlərində xeyli kitabımın olduğunu söylədi. Başqa bir şəhidimiz, ingilis dilində təhsil almış Rüfət Əhmədzadənin anası onun axırıncı məktubunu mənə bağışladı. Şəhidlərdən biri Bakıya gəlməzdən əvvəl çamadanını mənim kitablarımla doldurub. Bu haqda onun anası danışıb. Belə çıxır ki, onlar hamısı “zir-zibil” oxuyub, öz vətənləri uğrunda ölümə gediblər. Axı mən nə deyim? Sizi Allaha həvalə edirəm”.
Ç.Abdullayev fikirlərini bu cür davam etdirib: “Sizin bu dünyada cəzanız yoxdur! Siz məni deyil, yüzlərlə şəhidin xatirəsini və oxucularımı təhqir etdiniz”.
Xatırladaq ki, bir müddət əvvəl ATV-də yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmova Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırıb. Bunun ardından AYB bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, telekanal bununla bağlı açıqlama verməli və aparıcı cəzalandırılmalıdır. (Sfera)