• 27 Noyabr 2024 23:39

Hansı universitetlərdə qızılcaya yoluxma var? – Siyahı

Hansı universitetlərdə qızılcaya yoluxma var? - Siyahı

Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin aprel ayından başlayaraq Azərbaycanda 284 qızılca hadisəsi qeydə alınıb.

Tacxeber.com APA-ya istinadla xəbər verir ki, əsasən uşaqlar arasında müşahidə edilsə də, tələbələr arasında da yoluxma halları mövcuddur.

Azərbaycan Memarlıq və İnşaat Universitetindən deyilib ki, müəllim və tələbələr arasında hazırda qızılcaya yoluxma halı müşahidə olunmur:

“Yalnız bir tələbəmiz universitetdən kənarda, ailəsinin yaşadığı Cəlilabad rayonunda qızılcaya yoluxub. Həmin tələbə elə Cəlilabadda karantinə götürülüb, müalicə-proflaktik tədbirlər görülüb və artıq sağalıb”.

“Ölkə miqyasında qızılcaya yoluxma halı ilə bağlı son zamanlar yayılan məlumatlar və bəzi faktlarla əlaqədar olaraq AzMİU-da ciddi nəzarət mexanizmi qurulub. Əgər yoluxma halı aşkar edilərsə dərhal adekvat tədbirlər görüləcək”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 2 tələbə qızılcaya yoluxub: “Müəllimlər arasında qızılcaya yoluxma qeydə alınmayıb”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən bildirilib ki, ümumilikdə 5 tələbə xəstələnib: “Onlardan 3-ü qızılcaya yoluxub. 1-i sağalıb, 2-si isə aktiv xəstədir. Digər 2 nəfər isə su çiçəyinə yoluxub və sağalıb”.

Azərbaycan Texniki Universiteti ümumilikdə 8 tələbədə qızılca aşkarlandığını bildirsə də, Səhiyyə Nazirliyi qeyd edib ki, noyabr ayı ərzində AZTU-dan 1 nəfər qızılcaya şübhəli şəxsin məlumatı daxil olub və onun son diaqnozu inkar edilib.

Azərbaycan Pedaqoji Universitetinin Cəlilabad filialından bildirilib ki, 3 nəfər qızılcaya yoluxub. Onlardan 2 tələbə oktyabrda qızılcaya yoluxub, noyabrın əvvəlindən dərslərinə davam edir: “Qızılcaya yoluxmuş 1 tələbənin isə müalicəsi evdə davam etdirilir”.

Lənkəran Dövlət Universitetində 2 tələbə qızılcaya yoluxub. “Müəllimlər arasında qızılcaya yoluxma qeydə alınmayıb. Universitet tələbələri arasında kütləvi yoluxma yoxdur”.

Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Pedaqoji Universiteti, eyni zamanda Şamaxı, Quba filiallarında, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Tibb Universitetində tələbə və müəllimlər arasında qızılcaya yoluxma faktı qeydə alınmayıb.

Tacxeber.com

Oxşar xəbərlər