• 23 Noyabr 2024 00:10

Ərdoğanın Lvov səfəri: Dünya “5” deyil, “5+1”-dir…

Rəcəb Tayyib Ərdoğanın Ukraynaya edəcəyi səfər müharibənin daha da şiddətləndiyi dövrdə gerçəkləşdiyinə görə xüsusi əhəmiyyət daşıyır. Türkiyənin balansa əsaslanan çoxtərəfli diplomatiyası, aktiv xarici siyasəti və formalaşdırdığı tərəfsiz mövqe bütün aktorlarda ölkəmizə qarşı güvəni və etibarı artırır. Vladimir Zelenskinin dəvəti də Ankaranın konstruktiv rolunu bir daha təsdiqləyir.

Bu sözləri Axar.az-a Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Mehmet Seyfəddin Ərol deyib.

Professora görə, səfər taxıl dəhlizinin yaxın gələcəkdə sülhün əldə olunması üçün Putin-Zelenski görüşünə zəmin hazırlanması baxımından xüsusi önəm daşıyır:

“Görüşdə gündəm mövzularından birinin Rusiya ilə Ukraynanın arasında atəşkəsin əldə edilməsi məsələsi olacağını deyə bilərik. Bu çərçivədə son nəticədə Putin-Zelenski görüşünə nail olmaq üçün sülhə gedən yol kimi qiymətləndirilən taxıl dəhlizi məsələsində qazanılan uğurları gücləndirəcək yeni addımların atılması mümkündür. Taxıl dəhlizi danışıqlarının uğurla nəticələnməsi regional və beynəlxalq sülhə xidmət edəcək uzlaşma mühitini formalaşdırıb. Yəni taxıl dəhlizi dayanıqlı sülhün əldə olunması yollarının axtarışı üçün mühüm fürsətdir. Səfərə BMT Baş katibi Antonio Quterreşin qatılmasını xüsusi qeyd etmək lazımdır. Bu qatılma vasitəçilik diplomatiyasının işlək olduğunu göstərməklə yanaşı, Türkiyənin “Dünya beşdən böyükdür” çıxışlarında haqlılığını sübut edir. Hazırkı vəziyyəti “5+1” formatı kimi də qiymətləndirmək olar. Quterreşin də eyni vaxtda Ukraynaya səfəri Ankaranın Putin və Zelenskini görüşdürmə ehtimalının az olmadığını göstərir. Bu da “3+1” şəklində ifadə edilən formatın fəaliyyətinin yaxşı olacağının xəbərçisidir. Eyni zamanda BMT taxıl dəhlizi ilə böhranların idarəolunması məsələsində imicini düzəltmək imkanı qazanıb. Çünki son illərdə BMT-nin baş verən böhranlar qarşısında təsirsiz qalması çoxlu tənqidlərə səbəb olub. Görüşlər zamanı taxıl dəhlizindəki mexanizmin fəaliyyəti də müzakirə olunacaq. Hətta 18 avqustda Lvovdakı görüşlərdən bir gün sonra Ərdoğan, Zelenski və Quterreşin birlikdə Odessa limanına gedəcəyi haqqında mətbuatda informasiyalar yayılıb. Bu haqda rəsmi açıqlama olmasa da, ümumilikdə Ərdoğanın Ukraynaya səfəri taxıl dəhlizinin sülh qapısı kimi açıq olması baxımından mühümdür”.

Ərol Türkiyənin aparılan döyüşlərə görə Zaporojye AES-də qlobal nüvə fəlakətinin yaşanmaması üçün tərəflər arasında vasitəçi olmasını mümkün hesab edib:

“Bütün bunlarla bərabər Zaporojyedəki AES-in yaxınlığındakı toqquşmalar atom təhlükəsi riskini artırıb. Bu mövzu da liderlər arasında müzakirə edilə bilər. Qısaca bildirmək istəyirəm ki, Türkiyənin regional və beynəlxalq baxımından enerji və qida təhlükəsizliyinin təmin olunması ilə bağlı uğurlarında ölkəmizin coğrafi mövqeyinin də böyük payı var. Türkiyənin bütün bəşəriyyəti uçuruma sürükləyəcək nüvə fəlakətlərinin qarşısını almaq üçün apardığı siyasət də bütün dünya üçün böyük önəm daşıyır. Son olaraq qeyd etmək lazımdır ki, Türkiyə-Ukrayna münasibətləri yalnız Rusiya-Ukrayna müharibəsindən ibarət deyil. Ona görə iki ölkə arasında iqtisadi və siyasi əlaqələr sahəsində yeni addımların şahidi ola bilərik”.

Tacxeber.az

Oxşar xəbərlər