• 24 Noyabr 2024 23:55

Xanımını itirən 99 yaşlı sabiq prezident özünə məzar qazdırdı – FOTOLAR

ABŞ-nin 39-cu prezidenti Cimmi Karter Atlantada həyat yoldaşı Rozalin Karterin anım mərasimində iştirak edib.

 Sabiq prezident Rozalin Karterlə 77 ildən çox evli olub. Xanım Karter noyabrın 26-da vəfat edib və bu gün dəfn olunub.

Vida mərasimində Melaniya Tramp və Mişel Obama da daxil olmaqla əksər birinci xanımlar iştirak ediblər. Donald Tramp və Barak Obamanın mərasimdə iştirak etməməsi isə suallar yaradıb.

Cimmi Karter uzun illər evindən kənara çıxmayıb. Lakin nəvələrindən birinin dediyi kimi, Karter “səyahətinin sonunda” olmasına baxmayaraq, sevimli həyat yoldaşı ilə vidalaşmaq üçün evini tərk edib.

Cimmi Karterin oktyabrın 1-də 99 yaşı tamam olub. Vəfat edən Rozalin Karter isə 96 yaşında olub.

Rozalin Karterə may ayında demensiya diaqnozu qoyulub. Cütlüyün – Cek, Çip, Ceff və Emi adlı övladları, 11 nəvəsi və 14 nəticəsi var.

Onların tanışlıq hekayələri çox maraqlı olub. Belə ki, anaları rəfiqə olan cütlük Corciya ştatının Plains şəhərində eyni xəstəxanada doğulublar. Üç yaşlı Cimmi sevimli xanımı ilə 3 günlük olarkən tanış olub.Cimmi və Rozalin uşaqlıqdan birlikdə böyüyüblər.

Karter 1946-cı ildə ABŞ Dəniz Akademiyasını bitirdikdən qısa müddət sonra cütlük evlənib.

Evləndikdən sonra hər ikisinin əməyi olan fıstıq biznesini inkişaf etdirmək üçün Corciya ştatına qayıdıblar. Cütlüyün adı Braun Təhsil Şurasına qarşı irqi gərginliklər fonunda daha çox siyasi işlərə qarışıb və Cimmi gözlənilmədən siyasi arenaya çıxıb. Hər yeni kampaniyada Rozalin pərdəarxası strategiyanın hazırlanmasında Cimmiyə kömək edib və hər zaman həyat yoldaşını dəstəkləyib.

Ağ Evi tərk etdikdən sonra isə onlar birgə Karter Mərkəzini təsis ediblər. Daim ictimai çıxışlarla yadda qalan fəal cütlük Plainsdəki mülklərində yaşayıblar.

Cimmi Karter artıq həyat yoldaşının dəfn edildiyi yerdə özünə də məzar yeri hazırlatdırıb.

Xatırladaq ki, Cimmi Karter 1977-1981-ci illərdə ABŞ prezidenti olub. Seçildikdən dörd il sonra Ronald Reyqana məğlub olub. Bu postda Karterin iştirakı ilə İsrail və Misir arasında bu günə qədər qüvvədə olan sülh sazişi imzalanıb. O, həmçinin inflyasiya və İranın girov böhranı ilə yadda qalıb.

 

Tacxeber.com

Oxşar xəbərlər