“Baş həkim Qəbələdə polisin döydüyü uşağı xəstəxanadan çıxartdırıb”
“Eşitdim ki, Qəbələdə polisin döydüyü 12 yaşlı uşağın halı pisləşib, onu Qəbələ rayonu müalicə-diaqnostika mərkəzinə aparıblar, orada isə baş həkim qorxusundanmı, təhdiddənmi, ya hansısa səbəbdənsə uşağın müayinə və müalicəsinə imkan verməyərək uşağı xəstəxanadan çıxartdırıb”.
Bunu sosial şəbəkə hesabında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev yazıb.
Radioloq bildirib ki, uşağı müayinə etməyə hazırdır:
“Burdan bəyan edirəm, uşağı gətirə bilirlərsə, gətirsinlər mən müayinə edim. Bəs necə? O uşaq bizim gələcəyimizdir, vətənimizin keşiyində duracaq əsgərdir! Necə olur ki, Xankəndidə erməniyə tibbi xidmət göstəririk, öz gələcəyimizin əsgərinə xidmət etməyək? Lap tutaq ki, valideyni cinayət edib, bu, bizə uşağa xidmət etməkdən imtina etməyə əsas vermir! O necə həkimdir? Belə həkimlik olar? İmtina edərəm o vəzifədən, həmən an o vəzifədən istefa edərəm, qoy məni çıxarsınlar işdən, lap tutsunlar, belə bir haqsızlığa dözmərəm! Bizim borcumuz dinindən, cinsindən, irqindən asılı olmayaraq hər kəsə, insanlığa xidmət etməkdir! 12 yaşlı uşağa qarşı ayrıseçkilik etmək, onu hər şeydən diksindirməkdir. O uşağın başına bir iş gəlsə hər kəs günahkar olacaq və bu hamımızın vicdanına yazılacaq! Bu vicdan yükü ilə bir gün Allah qarşısına çıxmaq çox ağır olacaq. Hardasınız, bu millətin “ziyalıları”? Hara yoxa çıxmısız? Vicdanınız sızlamırmı?”