• 24 Noyabr 2024 10:37

Fidel Kastronun antikommunist bacısı ABŞ-da vəfat edib

Kubanın keçmiş liderləri Fidel və Raul Kastronun kiçik bacıları Xuanita 90 yaşında Mayamidə vəfat edib. O, 1960-cı illərin ortalarından ABŞ-da yaşayırdı və qardaşlarının devrilməsi, Kubada rejimin dəyişməsi uğrunda mübarizə aparırdı.

“Müstəsna qadın, çox sevdiyi Kuba uğrunda yorulmaz mübariz Xuanito Kastro bu gün vəfat etdi”, – Kastronun avtobioqrafiyasının həmmüəllifi Mariya Antoneta Kollinz “İstagram”da yazıb.

Xuanita Kastro Kubanı 1964-cü ildə, anasının ölümündən bir il sonra qardaşları ilə ixtilaf səbəbindən tərk edib. O, Mayamidə məskunlaşıb, burada 2007-ci ilə qədər aptek sahibi olub.

Xuanita Kuba rejiminin əleyhdarlarının fəal yardımçısı olub və hətta CIA ilə əməkdaşılıq edib.

 

Öz memuarlarında yazır ki, o, demokratik prinsipləri satdıqlarına və siyasi rəqiblərini öldürdüklərinə görə qardaşlarından üz döndərib.

1959-cu ildə baş verən inqilabdan sonra kubalı dissidentlərə kömək edən, onları gizlədən xanım Kastro nəhayət, özü də adanı tərk etməli olub.

“Fidel və Raul, mənim qardaşlarım, məxfi tarix” adlı memuarlarında o, iddia edir ki, Fideli hakimiyyətə gətirən inqilabdan iki il sonra CIA tərəfindən əməkdaşlığa cəlb olunub. O, Kuba hökumətini devirmək istəyən ABŞ üçün Donna kod adı altında 3 il məxfi məlumatlar toplayıb.

Xuanita öz memurlarında yazır ki, həm Fidel və Raulun bacısı, həm rejimin mühacir əleyhdarı kimi iki zidd rolla ABŞ-ın mühacir icmasında özünə yer tapması asan olmayıb.

“Digər gedənlərlə müqayisədə mənim üçün, şübhəsiz, daha çətin idi. Mənim həyatımın paradoksunu az adam anlayar. Kubadakılar üçün mən fərariyəm, çünki getmişəm və rejimi pisləmişəm. Mayamidəki bir çoxları üçün isə “arzuolunmaz şəxs”əm, çünki Fidel və Raulun bacısıyam”, – Xuanita memuarlarında yazırdı.

Onun böyük qardaşı Fidel Havanda 2016-cı ildə 90 yaşında vəfat edib. Xuanita dəfnə getməyib.

Raul Kastronun indi 92 yaşı var və Kubada yaşamaqda davam edir.

Kuba inqilabının lideri, silahdaşlarının komandante dediyi Fidel Kastro Kubanı təxminən 50 il idarə edib, 2008-ci ildə səlahiyyətlərini Raula verib, əslində isə hələ 2 il əvvəl işlərdən uzaqlaşmışdı.

Raul Kastro 2018-ci ildə dövlət və hökumət başçısı vəzifələrindən gedib, ancaq Kuba Kommunist partiyasının rəhbəri və Ali Baş komandan vəzifələrini saxlayıb.

2021-ci ildə isə o, partiya rəhbərliyindən də getdiyini açıqlayıb. Bu, o demək idi ki, 60 ildən çox müddətdə ilk dəfə Kubanın rəhbər vəzifələrində Kastro ailəsinin nümayəndələri olmayacaq.

Mənbə: BBC

Tərcümə: Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər