• 23 Noyabr 2024 11:11

10 km hündürlükdən paraşütsüz yerə düşüb və sağ qalıb.

Vesna Vuloviç başına gəlmiş heyrətamiz hadisə əsasında Ginnesin rekordlar kitabına düşüb və çıxacağı ağlabatan görünmür: o, 10 160 metr hündürlükdən paraşütsüz yerə düşüb və sağ qalıb.

Yuqoslaviya dövlət aviaşirkətinə (JAT) məxsus DC-9 təyyarəsi 1972-ci il yanvarın 26-da Stokholm-Kopenhagen-Zaqreb-Belqrad marşrutu ilə uçurdu. Təyyarə Kopenhagendən qalxandan 45 dəqiqə sonra, 10 160 metr hündürlükdə uçarkən Şərqi Almaniya ilə Çexoskovakiyanın sərhədi yaxınlığında qəfildən parçalandı – pilot kabinəs füzelyajdan ayrıldı. Daha sonra təyyarə irili-xırdalı parçalara bölünüb geniş əraziyə səpələndi. 23 sərnişin və 5 heyət üzvündən yalnız stüardessa Vesna Vuloviç sağ qaldı.

Stüardessa özü yerə necə düşməsini xatırlamırdı. Ehtimal olunur ki, oturduğu kreslonun bərkidildiyi parça yarpaq kimi yellənə-yellənə aşağı düşüb və bu, Vesnanın xilas edib. Hərçənd ciddi xəsarətlər almışdı – kəllə-beyin travması, iki ayağının və üç fəqərəsinin sınığı və s. On ay qurşaqdan aşağı iflic oldu, amma bir neçə əməliyyatdan sonra ayağa qalxdı.

Vesna daha stüardessa işləmədi, JAT-da inzibati vəzifə tutdu. 1990-cı illərin əvvəllərində Miloşeviç rejimini tənqid etdiyinə və etiraz aksiyalarında iştiraka görə işdən çıxarıldı. 2016-cı ildə 66 yaşında Belqradda vəfat etdi.

Təyyarənin qəza səbəbi tam açılmasa da, Xorvatiyanın müstəqilliyi uğrunda mübarizə aparan terrorçularun baqaj yerinə saatlı bomba qoymaları ehtimal olunur.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər