“Biz terrorçuları ayaqyolunda olsa belə tutub suyunu çıxaracağıq…”
Putin Kiyevin davranışlarını dəyərləndirərkən xalq arasında yayılan ibarədən istifadə edib
Rusiya prezidenti Vladimir Putin Ukrayna hakimiyyətinin rus millətindən olan ölkə vətəndaşlarını ölkənin köklü millətləri siyahısına daxil etməmək qərarını şərh edərkən “qudurublar” sözündən istifadə edib.
Tacxeber.com xəbər verir ki, bu barədə “rbc.ru” nəşri yazıb.
“Əgər Rusiyanı bizim tarixi torpaqlarımızda məhv erməyə, insanları oradan qovmağa başlayıblarsa, indi də rusların Ukraynada köklü millət olmadığını elan edirlərsə, onlar dəli olub? Xalq dilində desək, onlar tamam qudurub ki! Biz heç vaxt bunabənzər nəsə etmirik”, – Putin Rusiya ordusunun hərbi qulluqçusu ilə söhbəti zamanı deyib.
Vladimir Putin çoxdandır ki, necə deyərlər, xalqdan qaynaqlanan ibarələr həvəskarı kimi tanınıb.
Bəzilərini xatırlatmaq yerinə düşər.
“Biz terrorçuları hər yerdə təqib edəcəyik, lazım gələrsə, hava limanında, lazım gələrsə, məni bağışlayın, lap ayaqyolunda onları tutub suyunu çıxaracağıq. Vəssalam, məsələ birdəfəlik bağlanıb”, – bunları Putin 1999-cu ilin sentyabrında, hələ Rusiya prezidenti olmadığı vaxt deyib.
2000-ci ilin sentyabrında “Kursk” sualtı qayığın taleyi ilə bağlı Larri Kinqin sualını cavablandırarkən Putin deyib: “Qayıq batıb”.
“Əgər siz radikal islamçı olmağa və sünnət etdirməyə hazırsınızsa, mən sizi Moskvaya dəvət edirəm. Mən sizə elə əməliyyat etdirməyi tövsiyə edəcəyəm ki, daha sizdə heç nə bitməsin”, – bu barədə Putin 2002-ci ilin noyabrında jurnalistlərin Rusiyanın Çeçenistanda azadlığı boğması barədə sualına cavabında deyib.
“Bura baxmaq gərəkdir, eşidin, görün sizə nə deyirəm! Maraqlı deyilsə, o zaman buyurun…”, – Rusiya prezidenti 2003-cü ilin noyabrında Dovlət Şurası və Təhlükəsizlik Şurasının birgə iclasının zalda səs salan iştirakçılarına müraciətlə deyib.
“Biz hər-hansı ərazi iddiaları platformasında danışıqlar (Baltikyanı ölkələr nəzərdə tutulur-red.) aparmayacağıq. Pıtalovsk rayonu əvəzinə onlar qulaqlarının dibini görəcək”, – bunu Putin 2005-ci ilin mayında “Komsomolskaya pravda” nəşrinin jurnalistləri ilə görüşündə deyib.
“Biz burada illərlə burnumuzun suyunu tökəcəyik? Biz bu mövzuda 99-cu ildən nə qədər danışmışıq? Demək olar ki, heç nə baş vermir. Elə yalnız hay-küy salır. Onlar öz iqtisadi maraqlarını düşünür, siz isə Rusiya xalqının maraqları haqqında düşünməlisiniz”, – bunu Putin 2006-cı ilin martında hökumət üzvlərinə müraciətlə deyib.