Reportyor Teymur Kərimovun saxlanılması ilə bağlı Kanal11 internet televiziyasının bəyanat yayıb. Tacxeber.com olaraq bəyanatı olduğü təqdim edirik.
Kanal11 internet televiziyasının direktoru Teymur Kərimov səhər saatlarından yoxa çıxıb.
Yaxınlarının verdiyi məlumata görə, onunla səhər saat 12 radələrindən etibarən əlaqə saxlamaq mümkün olmayıb. Onun telefonuna zəng çatmır və harada olduğu bilinmir.
Biz, Teymur Kərimovun həbs edildiyini ehtimal edirik, vəkili olmadığı üçün bununla bağlı tam məlumata sahib deyilik.
Əldə etdiyimiz təstiqlənməmiş məlumata görə o Nərimanov Rayon 16cı polis bölməsində saxlanılır, barəsində cinayət işi açılıb.
Teymur Kərimov bu ilin iyul ayında çəkdiyi, kanalımızda və “Azad Söz” internet televiziyasında yayımlanan Daşkəsən rayonun icra başçısı Əhəd Abıyevlə bağlı video reportajdan sonra ciddi təqiblərə məruz qalıb. Belə ki, evinə polis nəfəri gələrək, ondan şikayət olduğunu bildirib. Polis bölməsinə getdikdə isə adların səhv düşdüyü deyilib. Bundan əlavə, o dəfələrlə müxtəlif bəhanələrlə polis bölməsinə ifadə üçün çağırılıb və ya ona video reportajın yayılmasının qarşısının alınması məqsədi ilə zənglər edilib.
Daha sonra, qazilərin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması və sözügedən qazilərin buna etiraz etməsini işıqlandırdığı üçün yenidən hədəf halına gəlib. Yenə video reportajların silinməsi üçün hədə-qorxuya məruz qalıb. İzahat alınması üçün dəvət edilib.
Son bir ildə Azərbaycanda azad söz naminə mübarizə aparan, vətəndaşların haqq səsini çatdırmağı özlərinə borc bilən kifayət qədər jurnalist həbs olunub.
Son günlərdə bunun örnəyi AbzasMedianın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), jurnalist Nərgiz Absalamova, “Kanal13” internet televiziyasının Azərbaycandakı direktoru Əziz Orucov, yenə sözügedən kanalın əməkdaşı Rüfət Muradlıdır.
Düşünürük ki, Teymur Kərimov seçkiqabağı işə düşən repressiya maşının növbəti qurbanıdır.
Əgər, Teymur Kərimov həbs edilibsə, onu həbs edənlər, bu həbsə göstəriş verənlər bilməlidir ki, bununla nə “Kanal11” in, nə də onun əməkdaşlıq etdiyi digər kanalların fəaliyyəti dayanacaq. Ölkədə haqsızlıq olduqca, bu haqsızlığa səs çıxaranlar da hər zaman var olacaqdır.
Vətəndaşlar, izləyicilər, siz hər zaman doğru və qərəzsiz xəbərlərə layiqsiz. Siz bilməlisiz ki, sizin vergilərinizlə maliyyələşən şəxslər sizdən nələr oğurlayır, sizə nələri layiq görür. Bu yolda həbslərlə, repressiyalarla üzləşə bilərik, azala bilərik, lakin, tükənməyəcəyik!
“Kanal11” internet televiziyası olaraq aidiyyatı qurumlardan məsələyə aydınlıq gətirilməsini tələb edirik.