Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oliksiy Danilov NATO-nun hərbi təlimatlarının işləmədiyini bildirib. O, rəsmi Kiyevin əks-hücum ümidlərinin özünü doğrultmadığını söyləyib. Bildirib ki, həddindən artıq optimizm Kiyevin səhvidir, ABŞ-dən yardımın gecikməsi isə faciəvi deyil. Heç olmasa, müəyyən qədər hərbi maliyyənin gələcəyinə ümid var.
Siyasi şərhçi Kənan Novruzov Sfera.az-a açıqlamasında Danilovun bu sözlərinə münasibət bildirib. Mütəxəssisin sözlərinə görə, Qərbdə Ukraynaya dəstəklə fikir ayrılığı var:
“Məlum olduğu kimi, Şərqi Avropada genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.
Son zamanlar Qərbin, xüsusilə ABŞ-ın Ukraynaya dəstəyinin azalması ilə bağlı məlumatlar yayılır. Ümumiyyətlə, savaşın ilk ilindən fərqli olaraq, Qərbdə Ukraynaya dəstəklə fikir ayrılığı yaranıb. Bu, nəinki ABŞ ilə Avropa İttifaqı (Aİ) arasındakı ziddiyyətlərdə, həmçinin Ağ Ev daxilindəki fikir ayrılıqlarında da özünü göstərir”.
Ekspert qeyd edib ki, artıq ABŞ tərəfindən Ukrayanaya yardım ediləcəyi şübhəlidir:
“Danilovun açıqlamasında diqqət çəkən məqamlardan biri heç olmasa müəyyən qədər maliyyənin davam edəcəyinə ümidlə bağlıdır. Görünür, artıq Kiyev Vaşinqtonun dəstəyinin azaldığını qəbul edib. Ona görə məhz müəyyən qədər maliyyəyə ümid edir. Bu “müəyyən qədər” isə, çox güman, sadəcə müqavimət xarakterlidir.
ABŞ – nin Ukraynaya dəstəyinin bundan sonra artacağı gözlənilmir. Əksinə, böyük ehtimalla, Vaşinqton Kiyevi döyüş meydanında tək qalmağa hazırlayır. Danilovun və digər rəsmilərin tənqidlərinin məntiqi nəticəsi olaraq gələcəkdə Ukrayna ilə Qərb arasında münasibətlərin pisləşməsi gözləniləndir. Görünür, Kiyev də bunu gözə alır. Əks halda rəsmilər belə tənqidi fikirlər səsləndirməzdilər”.
K.Novruzov sonda vurğulayıb ki, Ukraynadakı müharibə ilə bağlı ABŞ-də nələrin düşünüldüyünü, hansı planların cızıldığını dəqiq demək çətindir:
“Birincisi, ABŞ kifayət qədər ehtiyatlı davranır və açıq oynamır. İkincisi, Dövlət Departamentində, ABŞ Müdafiə Nazirliyində (Pentaqon) və Konqresdə fərqli fikirlər var. Bu fikir ayrılığı zaman-zaman özünü aydın göstərir. Ehtimal etmək olar ki, ABŞ prezidenti Cozef Bayden gələn il ölkəsində keçiriləcək prezident seçkilərinə qədər müharibəni uzatmaq niyyətindədir. Bu, Baydenin “əlini gücləndirir”. Çünki keçmiş prezident və hazırda əsas namizəd Donald Tramp yenidən hakimiyyətə gəlsə, Şərqi Avropadakı durumla bağlı daha fərqli – Ukraynanın xeyrinə olmayan ssenari işə düşəcək”.