• 24 Noyabr 2024 14:53

“Qarabağ”da ehtiyat futbolçu anlayışı yoxdur” – Yunis Hüseynov

“Qarabağ”a uğurlar arzu edirəm. Onlardan bu gün mütləq qələbə gözləyirəm. Bu uğuru qazacaqlarına da şübhəm yoxdur”.

Bu sözləri QOL.az saytına açıqlamasında futbol mütəxəssisi Yunis Hüseynov deyib. O, “Qarabağ”ın bu gün Avropa Liqasının qrup mərhələsində İsveç “Hekken”inə qarşı keçirəcəyi matç barədə danışıb.

Y.Hüseynov Ağdam təmsilçisindən qələbə gözlədiyini deyib: “Bilirəm ki, “Qarabağ” möhtəşəm oyun nümayiş etdirəcək və öz azarkeşlərini sevindirəcək. Əvvəllər də demişdim ki, “Qarabağ” qrupda 2-ci yeri tutacaq və pley-offa adlayacaq. Bu da özünü göstərir. Siz bilirsiniz ki, “Qarabağ” həmişə Tofiq Bəhramov adına Respublika stadionunda yaxşı çıxış edir, azarkeşlərinin də dəstəyi ilə gözəl oyun nümayiş etdirir. “Hekken”lə matçdan gözləntim ancaq qələbədir”.

O, komandanın pley-offa adlamaq şansı barədə də danışıb: “Bilirsiniz ki, bu reallaşarsa, “Qarabağ” tarixində ilk dəfə Avropa Liqasının pley-offuna vəsiqə qazanmış olacaq. Görək, pley-offda rəqib kim olacaq. İnşallah, elə bir rəqib düşər ki, “Qarabağ” yaxşı mübarizə aparar və qalib gələr”.

Mütəxəssis sonda “Qarabağ”ın heyətinin durumuna da toxunub: “Kevin Medina zədəlidir. Həmişə Medina heyətdə olmayanda deyirlər ki, müdafiədə çətinliklər yaranacaq. Mən belə düşünürəm. Fikrimcə, “Qarabağ”da ehtiyat futbolçu anlayışı yoxdur. Ona görə ki, hər bir oyunçu meydana çıxanda özünü həddindən artıq yaxşı tərəfdən göstərir. Kiminsə yoxluğunu hiss etdirmirlər. Buna görə də məncə, Medinanın yoxluğu hiss olunmayacaq. “Qarabağ”ın builki heyəti çox yaxşıdır. Onun da nəticəsidir ki, “Qarabağ” həm Avropa Liqasında, həm də Premyer Liqada yaxşı nəticələr qazanır”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçirləcək “Qarabağ” – “Hekken” oyunu saat 21:45-də başlayacaq. Bugünkü görüş “Qarabağ” və Azərbaycan futbolu üçün tarixi nəticə ilə yadda qala bilər. İsveçdə keçirilən matçda “Hekken”ə 1:0 hesabı ilə qalib gələn Ağdam klubu bu oyunda da rəqibini üstələsə, 2-ci yerin sahibi kimi qrupdan çıxacaq və Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının pley-offuna yüksələcək. “Qarabağ” heç-heçə sayəsində də bunu bacara bilər. Bunun üçün qrupun digər oyununda “Molde” “Bayer”ə qalib gəlməməlidir.

Əgər “Qarabağ” və “Molde” hər ikisi uduzsa, bu halda da Ağdam təmsilçisi şəxsi oyunlardakı üstünlüyə görə norveçliləri üstələyəcək və qrupu ikinci yerdə başa vuracaq.

Tacxeber.com

Oxşar xəbərlər