• 23 Dekabr 2024 20:02

“Deyirəm ki, bu adam icazəlidir. 70 il…” – İbrahimov Talıbovla bağlı suala əsəbiləşdi

“Deyirəm ki, bu adam icazəlidir. 70 il...” – İbrahimov Talıbovla bağlı suala əsəbiləşdi

Düz bir həftədən sonra Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun vəzifəsindən istefa verməsinin bir ili tamam olacaq.

1995-ci ildən ötən ilin dekabrına qədər bu vəzifəni tutmuş Talıbov həm də ardıcıl 6 çağırış(!) Azərbaycan Milli Məclisinin deputatı olub və hazırda da millət vəkili statusunu daşıyır, deputat maaşı alır. Lakin o, nə Naxçıvanda ən yüksək vəzifəni tutarkən, nə də hazırda Azərbaycan parlamentində hər hansı fəaliyyətilə seçilməyib. Yalnız çox nadir hallarda, hansısa əlamətdar gündə Bakıda, Milli Məclisdə görünən Talıbov istefaya gedəndən sonra ümumiyətlə, parlament iclaslarına qatılmayıb.

Qeyd edək ki, Talıbov parlamentdə Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. O, Milli Məclisdə 1 saylı Şərur-Sədərək seçki dairəsinin əhalisini təmsil edir. Lakin bildiyimizə görə, nə Naxçıvanda yerli seçiciləri qəbul edir, nə də Bakıda parlamentin iclaslarına qatılır. Hansı ki, Milli Məclisin daxili nizamnaməsinə görə, 1 il müddətində parlamentin ardıcıl 15 iclasında iştirak etməyən istənilən deputat barədə İntizam Komissiyasına təqdimat verilməli və onun deputatlıq səlahiyyətlərinə xitam verilməsinə baxılmalıdır. Ancaq göründüyü kimi, Milli Məclis rəhbərliyi, xüsusilə də parlamentin İntizam Komissiyası bu faktı, tələbi görməzlikdən gəlir və nədənsə, daxili nizamnaməyə riayət etmir.

Heç kimə sirr deyil ki, Talıbov Naxçıvanda hakimiyyətdə olanda da Azərbaycanın mərkəzi hakimiyyət orqanlarına qarşı saymazlığı ilə tanınıb. Hətta onun istefaya göndərilməsində də bu amilin xüsusi rolu olduğu istisna edilmir.

Bəs indi bu saymazlıq və yekəxanalıq, parlamentə qarşı hörmətsizlik nədən qaynaqlanır? Talıbovun nəyi digər deputatlardan artıqdır?

Yaxşı, deyək ki, Naxçıvan Ali Məclisinin sədri olanda işinin çoxluğu səbəbindən Bakıya gəlib Azərbaycan parlamentinin iclaslarına qatıla bilməyib. Bəs son bir ildə, yəni istefaya gedəndən sonra buna mane olan nədir?

“AzPolitika.info”-nun əməkdaşı bu sualla Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimova müraciət edib. Talıbovun adını eşitməkdən və sualdan o qədər də məmnun olmadığı hiss edilən E.İbrahimov deyib ki, “Talıbov icazəlidir”. Əməkdaşımızın onun artıq bir ildir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən getdiyini xatırladaraq, “niyə bir il keçməsinə baxmayaraq, bu “icazə” hələ də qüvvədədir” sualı deputatı bərk əsəbiləşdirib: “Deyirəm ki, bu adam icazəlidir. 70 il vaxt keçməyib ki… Bir ildi də…”

E.İbrahimov digər sualları dinləmədən telefonu qapadıb və bu “icazəni” ona kimin verdiyini, nə vaxta qədər verdiyini açıqlamayıb…

Görünür, Talıbov vəzifəsindən uzaqlaşdırılsa da, E.İbrahimov kimi deputatların daxilindəki “Talıbov qorxusu” hələ də qalmaqdadır. Əgər belə olmasaydı, onun məsələsini İntizam Komissiyasında qaldırmaması bir tərəfə, hətta ona dair sualdan belə “dəhşətli yuxu” kimi qaçmazdı…

İbrahimovun Talıbovla bağlı məsələyə reaksiyası repressiya illərində Azərbaycana rəhbərlik etmiş Mircəfər Bağırovun məhkəməsində baş verən bir hadisəni xatırladır. Deyilənə görə, Bağırov müttəhim qismində məhkəməyə gətiriləndə bütün zalda oturanlar ayağa qalxıb. Bu zaman hakim deyib ki, “oturun, bu, artıq həmin Mircəfər Bağırov deyil”.

Yəqin, hörmətli komissiya sədrinə də xatırlatmaq lazımdır ki, həyəcanlanmasın, bu, artıq həmin Vasif Talıbov deyil…

Tacxeber.com

Oxşar xəbərlər