• 31 Oktyabr 2024 04:19

Jurnalistləri Müdafiə Komitəsi araşdırmaçı jurnalist Hafiz Babalının həbsini pisləyib.

“Azərbaycanlı jurnalist Hafiz Babalı “Abzas Media”ya qarşı repressiyalar çərçivəsində həbs edilib”

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) çərşənbə günü araşdırmaçı jurnalist Hafiz Babalının həbsini pisləyən bəyanat yayıb. Təşkilat Azərbaycan hakimiyyətini Hafiz Babalını və digər həbsdə olan jurnalistləri dərhal azad etməyə çağırıb.

“Hörmətli araşdırmaçı jurnalist Hafiz Babalının həbsi ilə Azərbaycan hakimiyyəti yalnız təsdiq edir ki, “Abzas Media”nı hədəfə almaqda əsl məqsədləri rəsmilərin korrupsiya əməlləri haqda iddiaları əks etdirən kompromissiz reportajlarını susdurmaqdır”, – CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə Proqram Koordinatoru Gülnoza Səid deyib.

O, həmçinin vurğulayıb ki, Azərbaycan hakimiyyəti haqsız yerə həbsdə olan bütün digər jurnalistlərlə birlikdə Babalını dərhal azad etməli və müstəqil mətbuata qarşı davam edən repressiya dalğasını dayandırmalıdır.

 

Polis əməkdaşları dekabrın 13-də paytaxt Bakıda “Turan” müstəqil informasiya agentliyinin iqtisadiyyat üzrə redaktoru Hafiz Babalını dəmiryolu vağzalında saxlayıb, geriyə – Sumqayıt şəhərindəki evinə qaytarıb. Orada axtarış aparılıb. Məmurlar jurnalistin kompüterini, mobil telefonunu və bəzi sənədlərini götürüb. Sonra onu Bakı şəhər Baş Polis İdarəsinə aparıblar.

Daxili İşlər Nazirliyinin sözçüsü H.Babalının korrupsiyaya qarşı mübarizə aparan “Abzas Media” nəşrinə dair cinayət işi ilə əlaqədar həbs edildiyini deyib, amma ona qarşı ittihamların nə olduğunu açıqlamayıb.

Noyabrın 20-dən Azərbaycan hakimiyyəti “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı daxil olmaqla 4 əməkdaşını Qərb ölkələrinin səfirlikləri və donorlarla nəşri qanunsuz olaraq maliyyələşdirmələri barədə razılığa gəlməkdə və ölkəyə qaçaqmalçılıq yolu ilə pul keçirməkdə təqsirli bilərək, onlar barəsində 4 aya qədər həbs qətimkan tədbiri seçilməsinə qərar verib.

Günahları sübuta yetirilərsə, onların hər birini Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hafiz Babalı noyabrın 28-də “Abzas Media” işi ilə bağlı dindirilib və onun bank hesabları dondurulub. Babalının sözlərinə görə, o, müstəntiqlərə “Abzas Media” saytında araşdırmalar dərc etdiyini, lakin nəşrin maliyyəsi barədə heç nə bilmədiyini deyib.

“Azadlıq Radiosu”na müsahibəsində Babalı bildirib ki, o, Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin əli olduğu korrupsiya ilə bağlı “Abzas Media”da dərc olunan son araşdırmasının nəşrə qarşı repressiyaların başlanmasında Azərbaycan hakimiyyəti üçün son damla olduğuna inanır.

“Babalı son bir ayda Azərbaycanda işinə görə qisas məqsədilə həbs edilən ən azı yeddinci media mənsubudur.

CPJ hazırda dekabrın 8-dən etibarən daha üç jurnalistin hədə-qorxu yolu ilə pul tələb etmək ittihamı əsas gətirilərək həbs edilməsinin əslində onların işləri ilə əlaqəsinin olub-olmadığını araşdırır.

Jurnalistləri Müdafiə Komitəsi şərh almaq üçün Azərbaycanın Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə əlaqə saxlasa da, heç bir cavab ala bilməyib”, – deyə bəyanatda bildirilir.

 

Tacxeber.com

Oxşar xəbərlər