“Kim deyirsə ki, müdafiə futbolu oynayırıq, gəlsin, müzakirə edək” – Sadıqov
Azərbaycan Premyer Liqasının XVII turunun “Turan Tovuz” – “Zirə” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.
– Gərgin oyunun şahidi olduq. Meydanda əzmkar futbol var idi. Qola qədər daha çox taktiki savaş gedirdi. Əks-hücumda qol buraxdıq. Bundan sonra üstünlük bizə keçdi. Qol şanslarımızdan istifadə edə bilmədik. “Turan Tovuz”la səfərdə oynamaq asan deyil. Oyun heç-heçə ola bilərdi. Qol vuran qazanacaqdı və rəqib uğurlu oldu. Növbəti oyunlara hazırlaşacağıq.
– Bir neçə gün sonra “Turan Tovuz”la kubok oyunu var. Komandanı toparlamaq çətin olmayacaq?
– Qısamüddətli oynamaq heç bir komandaya xoş deyil. Çətin rəqib bizə düşüb. Vaxtımız azdır. Rəqibin əhval-ruhiyyəsi daha yüksək olacaq. Kubok bizim üçün vacibdir. Meydan amili üstünlüyünü deməzdim. “Turan Tovuz” bu mövsüm səfər oyunlarını yaxşı keçirir. Kubok bu oyunun davamı olacaq. Çalışacağıq ki, sevinən tərəf biz olaq.
– Kamal Bayramovla Qismət Alıyev arasındakı mübahisə haqda nə deyə bilərsiz?
– Hər ikisini qınayıram. Futboldur, belə şeylər olur. Amma azərbaycanlı və kapitandırlar. Bunu nəzərə almalı idilər. Amma əsas odur ki, həll olundu.
– Cəza olacaq?
– Xeyr. Cəza üçün nəsə səbəb yoxdur.
– Kulaçın az şans qazanması nə ilə bağlıdır?
– Həftəiçi planımızda əsas heyətdə idi. Məşqlərdən birində ağrı hiss etdi və iki gün dincəldi. Yalnız dünən bir az məşq etmişdi.
– Transfer planlarınız nədir?
– Çalışacağıq ki, güclənək. Nə dərəcə alınacağının görəcəyik.
– Hücum xəttinə kimisə gətirəcəksiz?
– Mütləq oyunçu almalıyıq. İkinci, üçüncü hücumçu yoxdur.
– Müdafiə futbolu oynatdığınızı deyirlər. Bununla razısınızmı?
– Oynatdığım futbol hansıdır? Müdafiə futbolu oynatmıram. “Sabah”a, “Qarabağ”a qarşı ola bilər, amma digər komandalara qarşı belə etməmişəm. Kimsə kənardan müdafiə futbolu görürsə, gəlsin, oturaq müzakirələr aparaq. Dərin təhlillər lazımdır. “Qarabağ”la oyunda müdafiə futbolu ola bilər. Bu, başqa məsələdir, istəsən də “Qarabağ” sənə imkan vermir. Ötürmələrdə səhvlik varsaa, o demək deyil ki, müdafiə futboludur.
– Ötən mövsümün ən yaxşılarından biri Fuad Bayramov bu il ehtiyatda qalır. Səbəb nədir?
– Rəqabətdir. Həmin mövqedə Məqsəd İsayev oynayır və yaxşı mövsüm keçirib. Məqsəd, Qismət və Fuadı cinahda rotasiyalar üçün düşünürdük. Son turlarda Fuad az oynayır.Düzdür, çox şans vermək istəyirəm, amma hələ imkan tapa bilmirəm.
– Kamal ilə Qismət arasındakı mübahisənin detalları nədir?
– Kamalla oyunçu vaxtlarımdan münasibətlərimiz var. Hansısa problem yoxdur.
– Belə şeylər növbəti oyunda gərginlik yaratmayacaq?
– Futboldur, 4 oyundur qələbə qazanmırıq. Bu gün məğlubiyyətə layiq deyildik. “Neftçi” ilə oyunda da yaxşı oynamışdıq. Üzərimizdə işləyirik, danışır, təhlillər aparırıq. 4 oyundur, qol vura bilmirik. Bu problemi həll edə bilmirik.