• 31 Oktyabr 2024 06:17

Kəramət Böyükçöl – Guya İlham Əliyev bunlara şərait yaratmalıdır ki, gəlin ölkəni idarə eləyin.

Hakimiyyət müxalifətə tədbir keçirmək üçün ömründə bir dəfə Maştağada zal verdi, bunlar da yığılıb seçkini boykot elədi. Boykotu da onunla əsaslandırdılar ki, bəs hakimiyyət bərabər rəqabət üçün bizə heç bir imkan tanımır. Guya İlham Əliyev bunlara şərait yaratmalıdır ki, gəlin ölkəni idarə eləyin. Artıq neçənci seçkidir ki, boykot olunur. Bu boykotlar hakimiyyətə bir ziyan vururmu? Sizin boykotunuzla dünya İlham Əliyevin prezident kimi legitimliyini şübhə altına alıbmı? Yox. Əgər hakimiyyətin bərabər rəqabət imkanları yaratmadığını əsas gətirib seçkini boykot edirsənsə, bu məntiqlə sən ümumiyyətlə mübarizədən də imtina eləməlisən. Guya hakimiyyət seçkidən kənar mübarizə üçün bərabər imkan yaradır ki? Ofisin yox, sərbəst toplaşmaq azadlığın yox, üzvlərin həbs olunur və s. Onda bunlar əsas vermir ki, sən ümumiyyətlə mübarizədən də imtina edəsən?

Get seçkiyə, əgər doğrudan da qalib gələcəksənsə, nəticələri tanımayacaqlar, qoy tanımasınlar. Qoy hamı görsün ki, sən qalib gəldin, amma tanımadılar. Mənəvi bir qələbə ilə cəmiyyətə də yeni bir ruh ver, özünüzə də.

İkincisi, seçki tamaşadırsa, onda Ədliyyə Nazirliyinin partiyalardan 5 min üzvün siyahısını istəməyi də tamaşa idi də. Bəs onda niyə o tamaşada oynadın?

İnqilab eləyə bilmirsən, seçkiyə də getmirsən, bəs niyə varsan? Nə üçünsən? Camaatın ağlı başına gələndən sonra heç evdə dədəsinə inanmır, ömrümüz-günümüz sənə inanmaqla keçməlidir ki, guya nəsə eləyəcəksən? Ölkədə azad, demokratik bir mühit olacaqsa, bu təkcə sənin üçün olmayacaq, hamı üçün olacaq. Papaq altında yatan o qədər oğullar var. Daha ağıllı, daha intellektual, daha istedadlı, daha yaraşıqlı, daha xarizmatik… Hökumətin bərabər rəqabət üçün şərait yaratmağına qalsa, elə o papaq altında yatan oğullar da gedib namizəd olar da.

Nəysə. Ürəyim doludur.

Kəramət Böyükçöl

Tacxeber.com

Oxşar xəbərlər