• 25 Noyabr 2024 22:46

Maska “Bluetooth”la telefona qoşulur, maskanı çıxarmadan rahat danışa bilirsiniz – Azərbaycanlı gəncin Amerikadakı startapı.

Azərbaycanlı gənc Amerikada “Keen Mask” adlı ağıllı maska startapı üzərində çalışır. Maska sözünü gördükdə, eşitdikdə ilk ağıla pandemiya dönəmi gəlir. Cuma Tahirovun isə ağlına bu ideya pandemiya dönəmindən əvvəl gəlib. Ətrafında maskadan istifadəyə ehtiyac duyulan sahələrdə çalışan insanlar olduğuna görə, Cuma istifadəni rahatlatmaq üçün ağıllı maska yaratmağı düşünüb.

 

Gənc startapçı Cuma Tahirov Valyuta.az-a ağıllı maska layihəsi barədə danışdı:

 

“İdeyanın tam start götürməsi, təkcə ideya olaraq qalmaması və bunun üçün səylərin daha da artdığı dönəm pandemiya zamanı oldu. Həmin dönəm mənim üçün şərait yaratdı ki, layihəni həyata keçirim. Bir sıra investorlarla görüşdüm və Azərbaycan Beynəlxalq Bankının inkubasiya proqramına üzv oldum”.

 

Bəs ağıllı maska adi maskalardan nə ilə fərqlənir? Cuma, ağıllı maskaların özəlliklərini sadaladı:

 

“Pandemiya dönəmində insanların vaksin olunub-olunmaması, onların bu virusa nə vaxtsa yoluxub-yoluxmaması kimi informasiyalar QR kod vasitəsilə oxunurdu və məlumatlar tam olaraq əks olunurdu. Ağıllı maskaların da üzərində QR kod funksiyası əlavə edilib. O məlumatları o Qr kodla öyrənmək olacaq. Maskanı üzündən çıxarmadan rahat danışa bilmək üçün maskaya mikrofon əlavə edilib. Bundan əlavə, maskadan istifadə zamanı asanlıqla “Bluetooth” vasitəsilə mobil və digər cihazlara qoşularaq telefon danışıqlarını rahatlıqla edə bilərlər. “Keen Mask” yenilənə bilən filtri sayəsində uzunmüddət istifadə oluna bilir. Bu isə tibbi maskaların təbiətə vurduğu zərəri daha da azaldır”.

 

 

Cuma bildirir ki, Amerikada mələk investorlar onun startapına maraq göstərirlər:

“1 Noyabr 2021-ci il tarixində, Əczaçılar Klubu İctimai Birliyi və “Keen Mask” MMC (layihə ilə eyniadlı şirkət) arasında anlaşma memorandumu imzalanıb. İlkin investisiya olaraq Azərbaycandakı mələk investordan çox da böyük olmayan məbləğdə yatırım almışıq. Hazırda Amerikada mələk investorlarla, istehsalçılarla görüşlər keçirilir, bir sıra startap tədbirlərində iştirak edirəm. İlkin və gələcək istehsal ilə bağlı RUSHPCB inc. ilə də bu ilin sentyabr ayında anlaşma memorandum imzalanıb. İlkin istehsal olaraq bazar tələbatını müəyyən etmək məqsədilə 100 ədəd istehsal planlaşdırılır”.

Tacxeber.com

Oxşar xəbərlər