• 23 Dekabr 2024 04:44

13-cü dəfə “ən yaxşı” seçilən Qurbanov niyə həyəcanlanır? – MÜSAHİBƏ

 

İlin məşqçisi seçilən Qurban Qurbanov mükafatlandırma mnərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.

Tacxeber.com 51 yaşlı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

– Ardıcıl 13-cü dəfədir ki, ilin məşqçisi seçilirsiz. Təəssüratlarınız necədir?

– Hamıya öz təşəkkürümü bildirirəm. Əlbəttə ki, həyəcan var idi. Çox sevindim. Zəhmətinə dəyər veriləndə hər insanın əhval-ruhiyyəsi yaxşılaşır.

– Bu, sizin üzərinizdə məsuliyyəti artırır?

– Çox istərdim ki, daim uğurlu nəticələr əldə edək. Hər bir klub uğur əldə etmək üçün yaradılır. “Qarabağ”da diqqətsiz, məsuliyyətsiz olmaq olmaz. Mütləq məsuliyyətimiz daha da artmalıdır. İllər keçdikcə rəqabət çoxalır, klubların sayı artır. Düşünürəm ki, get-gedə sponsorlar çox olacaq. Çox istərdim ki, qarşıdakı illərdə rəhbərliklə birlikdə bu klubu yaxşı səviyyədə qoruyub-saxlayaq. Çünki, bu adın dəyəri hamımız üçün çox böyükdür.

– Uğurlar artdıqca, komandanı idarə etməyin məsuliyyəti və çətinliyi də artır. Bundan sonra işiniz nə dərəcədə çətin olacaq?

– Əgər bizdən daha böyük uğur gözlənilirsə, iş saatımız çoxalır. Rəqiblərimizin gücü və təcrübəsi çoxdur. Belə turnirlər, belə oyunlar bizə ancaq təcrübə verir. Öz iş prinsiplərimizi daha da yaxşılaşdırmağa çalışacağıq.

– Digər namizədləri gördüz. Seçim imkanı sizdə olsaydı, kimə səs verərdiniz?

– Çox istərdim ki, digər məşqçilərin hər birinə bu ad verilsin. Tanıdığım çox məşqçilər var ki, öz üzərilərində gecə-gündüz çalışırlar. Bəzən onlara qibtə edirəm. Bu dərəcədə öz peşələrini sevirlər. Heç nəyə fikir vermədən istəyirlər ki, Azərbaycan futbolu üçün bacarıqlı şəxsiyyət olsunlar. İnşallah onlar da bu adı qazanacaq. Həm öz gənc məşqçilərimiz Rəşad Sadıqov, Ayxan Abbasov, Samir Abasov, Elmar Baxşıyev, həm “Sabah”ı çalışdıran Murad Musayev… Öz üzərilərində çox çalışırlar. Kimin adı yadımdan çıxdısa, üzrlü hesab etsinlər.

– Pley-offa görə transferlər gözlənilir?

– Sırf Pley-offa görə bu addımı atsaq, yanlış olar. Hansı mövqedə dəyişiklik etmək lazımdırsa, bunu etməyə çalışırıq. Hər transfer pəncərəsində hansısa dəyişikliklər etmək istəyirəm. Buna bəzən ehtiyac olur. Bu gün də görsək ki, hansısa oyunçu bizə həqiqətən faydalı olacaq, ona “yox” deməyəcəyik. Hətta həmin mövqedə 2-3 futbolçu olsa belə. Çünki biz bu günü yox, sabahı düşünmək istəyirik. Sadəcə bu günü düşünüb addım atsaq, məncə, uğursuz olar.

Tacxeber.com

Oxşar xəbərlər