• 10 Noyabr 2024 12:25

Kosmosda yetişdirilən pomidorlar qeybə çəkildi, bir il tapa bilmədilər.

Kosmosda yetişdirilən ilk pomidorlardan biri çətin aqibətlə üzləşib. İnanmaq çətindir, lakin onlar təxminən bir il ərzində Beynəlxalq Kosmik Stansiyada qeybə çəkiliblər.

NASA illərdir BKS-də qida yetişdirməyin müxtəlif yollarını sınaqdan keçirir və kosmik mühitin bitkilərin böyüməsinə təsirini öyrənir. Xüsusilə, torpaq əvəzinə bitki yetişdirmək üçün hidroponik və aeroponik üsulların kombinasiyasından istifadəni öyrənən XROOTS proqramı artıq qırmızı cırtdan pomidorların yetişdirilməsinə nail olub. Ancaq stansiyada 2022-ci ildə yığılan ilk məhsulun itdiyi məlum olub.

BKS-də rekord 371 gün keçirən NASA astronavtı Frank Rubio mart ayında stansiyada ilk pomidorlardan bir neçəsini yığdığını və xüsusi çantaya qoyduğunu deyib. Bununla belə, həm çantanın özü, həm də içindəkilər sadəcə olaraq yoxa çıxıb. Rubio deyir ki, o “onu Velcro-nun olduğu yerə yapışdırdığına əmindir, lakin həmin yerə qayıdanda çanta orada olmayıb”.

Astronavt iddia edir ki, axtarışa 8-20 saat sərf edib, lakin onun səyləri nəticəsiz qalıb. Rubionun dediyinə görə, həmkarları onun sadəcə pomidorları yediyini deyərək zarafat edib. Ancaq onların təxminləri sonda özünü doğrultmayıb: demək olar, düz bir il sonra pomidorlar tapılıb. Pomidorların yoxa çıxmasından aylar sonra necə təzə-tər qalmaları təəccüb doğurub.

 

“Pomidorların ilk dəfə yoxa çıxmasından bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, tərəvəs plastik torbada, susuz və bir qədər əzilmiş halda tapılıb. Bəzi rəng dəyişikliyindən başqa, onların üzərində görünən heç bir mikrob və ya göbələk artımı olmayıb”, – NASA bildirib.

Bu pomidorlar əlavə araşdırma üçün Yerə göndərilməli imiş. Lakin uzun itmə səbəbindən bu, hələ də həyata keçirilməyib.

“XROOTS təcrübəsi zamanı tapılan bu yaramaz pomidorlar analiz üçün Yerə qayıtmayacaq, onlar atılıb, lakin kosmik stansiyanın göyərtəsində bitki araşdırmaları davam edir”, – ABŞ-ın Aeronavtika və Kosmos Tədqiqatı departamenti qeyd edib.  (Valyuta)

Tacxeber.com

Oxşar xəbərlər