• 22 Sentyabr 2024 21:29

Sevinc və kədər ili: Azərbaycanın tarix yazması, günlərlə danışılan rezonans olaylar – 2023 belə oldu

 

Hər olduğu kimi bu il də Azərbaycanda və dünyada bir sıra hadisələrlə yadda qaldı.

Tacxeber.com Ölkə.az-a istinadən 2023-cü ildə müzakirələrə səbəb olan, ən səs-küylü hadisələri sizə təqdim edir:

İlk olaraq bu ilin 8 yanvarında “Sədərək” Ticarət mərkəzində baş verən güclü yanğın müzakirələrə səbəb oldu. Ümumilikdə 800 kvadratmetr ərazini əhatə edən və 27 mağazanın yandığı hadisədən sonra əvvəllər də olduğu kimi mağazaların sığortalanması, yanğın təhlükəsizliyi və sahibkarlara kompensasiya ödənməsi məsələsi günlərlə müzakirə edildi.

Yanvarın 27-də Azərbaycanın İranın paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə İran vətəndaşı Yasin Hüseynzadənin “Kalaşnikov” markalı avtomatla silahlı hücumu nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak oldu, iki mühafizəçi yaralandı.

Bu hadisə iki dövlət arasında uzun müddət davam edən gərginliyə səbəb oldu. Hətta Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırdı.

Geridə qoyduğumuz ildə baş vermiş ən dəhşətli hadisələrdən biri sözsüz ki, fevralın 6-da Türkiyədə və Suriyada qeydə alınan güclü zəlzələlər idi.

Türkiyənin Qaziantep və Kahramanmaraş şəhərlərində baş verən 7.7 və 7.6 ballıq ardıcıl zəlzələlər nəticəsində ümumilikdə 50 mindən çox insan həlak oldu, 120 mindən çox şəxs isə yaralandı.

Eyni gündə təkanların hiss edildiyi Suriyada isə 8 mindən çox şəxs həlak oldu.

Ölənlər arasında 4 azərbaycanlı tələbənin olması da, ictimaiyyəti ən çox üzən hadisələrdən biri oldu.

Təbii fəlakətdən sonra Azərbaycan əhalisi kütləvi şəkildə qardaş Türkiyədə zərərçəkənlər üçün yardım toplamaq üçün səfərbər oldu. Bu zaman ən diqqətçəkən məqamlardan biri Sərvər Bəşirlinin köhnə VAZ avtomobili ilə evindəki yorğan-döşəyi Türkiyəyə yardım məqsədilə göndərməsi idi. Sözügedən hadisə də aylarla gündəmdən düşmədi.

Martın 4-də paytaxtın Xətai rayonunda yerləşən hipermarketdəki silahlı hücum insanları narahat edən məsələlərdən biri idi. Belə ki, hipermarketdəki bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman silahlı hücum edilməsi nəticəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı, inkassator Rüfət Həşimov vəfat etdi, bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər aldı.

Almaniyada yaşayan Azərbaycan vətəndaşı 1997-ci il təvəllüdlü Fərid Səfərlinin martda İranda itkin düşməsi və sonradan casusluq ittihamı ilə həbs olunması, onsuz da gərgin olan Azərbaycan-İran münasibətlərini daha pisləşdirdi.

Martın 28-də isə millət vəkili Fazil Mustafanın Bakıda yaşadığı evinin qarşısında güllələnməsi, ilin ən səs-küylü hadisələrindən idi. Sui-qəsdə məruz qalan deputat bir neçə əməliyyat keçirdi.

Bu il aprelin 29-da Sumqayıt şəhərində tanınmış idmançı M.Xəlilov məşq zamanı tələbəsi 7 yaşlı Fərid Bakarova qarşı ardıcıl amansız idman hərəkətləri etməsi nəticəsində 7 yaşlı uşağın xəstəxanada dünyasını dəyişməsi də günlərlə aktual oldu.

Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyevanin meyitinin yandırılmış halda tapılmasına görə saxlanılan İlkin Süleymanovun bu il mayın 5-də 18 il müddətinə azadlıqdan məhrum edilməsi də birmənalı qarşılanmadı.

Mayda Azərbaycanı “Eurovision” beynəlxalq mahnı müsabiqəsində təmsil edən azərbaycanlı əkiz qardaşlar Tural və Turan Bağmanovların geyimi insanlar tərəfindən tənqid edildi.

Bu ilin martında tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin, sentyabrında isə millət vəkili Qənirə Paşayevanın 48 yaşında qəfil vəfat etmələri çoxlarını sarsıtdı.

7 mayda isə tanınmış plastik cərrah Türkan Gündüzün Abşeron rayonunun Novxanı kəndində bıçaqlanaraq öldürülməsi də gözlənilməz oldu. Hadisədən sonra həkimi bıçaqlamaqda təqsirli bilininən Türkiyə vətəndaşı olan əri Muhammet Gündüz həbs edildi.

14 mayda Türkiyədə prezident seçkilərinin keçirilməsi isə nəinki Azərbaycanda, bütün dünyada maraqla və diqqətlə izlənilən olaylardan idi. Hətta bir çox xarici dairələrdə sözügedən seçkiləri “tarixi seçki” adlandırırdılar.

17 mayda isə “Günay” bankın, 19 oktyabrda isə “Muğan” bankın lisenziyalarının ləğv edilməsi də günlərlə danışıldı, banklardakı əmanətlərin təhlükəsizliyi məsələsini gündəmə gətirdi.

Güney Azərbaycan Televiziyasının (Günaz TV) qurucusu və rəhbəri, ABŞ-də mühacir həyatı yaşayan, güneyli milli fəal Əhməd Obalının mayın 21-də Kaliforniya ştatında kimliyi naməlum şəxs tərəfindən vəhşicəsinə döyülməsi də qalmaqallı olaylardan oldu.

1 iyunda isə tanınmış azərbaycanlı model, “Miss Azərbaycan” müsabiqəsinin qalibi olmuş Raziyyat Əliyevanın keçmiş sevgilisi Ziya Hüseynzadə tərəfindən döyülməsi də müzakirələrə səbəb oldu.

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın 29 iyulda Ermənistan ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılması və noyabrın 7-də 15 il müddətə azadlıqdan məhrum edilməsi ilin hadisələrindən idi.

15 avqustda “Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin Nərimanov rayonu ərazisində ağır qəzaya düşməsi və nəticədə onun bir qolunun amputasiya edilməsi və 37 yaşlı dostu Ruslan Məmmədovun ölməsi üzücü olaylar sırasında oldu.

13 sentyabrda Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində silahlı insident nəticəsində iki nəfər güllə yarası alması da təşvişə səbəb oldu. Olayın kriminal hesablaşma olduğu ehtimal edilirdi.

Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım göndərilməsi və yardım karvanının günlərlə yolda saxlanılması da müzakirə olunan hadisələrdən idi.

Sözsüz ki, bu ilin ən əhəmiyyətli hadisəsi 19 sentyabrda Azərbaycanın Qarabağ bölgəsində keçirilən aniterror əməliyyatları idi. Qanunsuz erməni silahlı birləşmələrinin təslim olmasından sonra döyüşlərin dayandırılması, antiterror əməliyyatları nəticəsində Azərbaycanın suverenliyinin bərpa edilməsi tarixə yazıldı.

Daha sonra 21 sentyabrda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda keçirilən görüş, ardınca Xankəndidə yaşayan şəxslərə onların xahişi ilə Azərbaycan mərkəzi hökumətinin humanitar yardım göndərməsi də ən yadda qalan məqamlardan oldu.

Sentyabrda “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın, oktyabrda isə Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilməsi uzun illər Azərbaycan xalqının gözlədiyi xəbərlərdən idi.

2 gün sonra isə daha bir tarixi hadisə baş vedi: Azərbaycan ərazisində qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” olmuş Arayik Arutyunyan saxlanılaraq Bakıya gətirildi.

Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxış edərkən dediyi “Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında” sözləri də tarixə yazıldı.

2020-ci ildən işğaldan azad edilən ərazilərdən Laçın və Füzuli şəhərinə əhalinin bir hissəsinin köçürülməsi də illərdir gözlənilən hadisələrdən idi.

7 noyabrda Prezidenti İlham Əliyevin göstərişi ilə Kəlbəcər rayonunun Vəngli kəndi işğal altında olarkən ermənilər tərəfindən azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən düzəldilən lövhə sökülməsi də Azərbaycan xalqının sevincinə səbəb oldu.

Ləğv edilmiş Təfəkkür Universitetinin prorektoruun qətlini sifariş verən şəxsin 12 il sonra – bu ilin noyabrında üzə çıxması gözlənilməz hadisə kimi yadda qaldı.

Baş Prokurorluq “Təfəkkür Universiteti”nin rektoru vəzifəsində işləmiş Müşviq Atakişiyevin təhsil müəssisəsinin prorektoru Tariyel Əhmədovun qətlini sifariş verən şəxs olduğunu açıqladı.

Bu ilin sonuncu ən önəmli hadisələrdindən biri də Prezident İlham Əliyevin gələn il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı verdiyi sərəncam oldu.

Tacxeber.com

Oxşar xəbərlər