• 26 Noyabr 2024 08:17

Məşhur marketdə yoxlama: Müddəti bitmiş məhsullar…

 

Bakıda fəaliyyət göstərən marketlərdən birində satılan dovğa məhsullarının istifadə müddətlərinin bitməsi ilə bağlı mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılıb. Qeyd olunan qida məhsullarının Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Bəy Topçubaşov küçəsi, ev 346 ünvanında yerləşən, fiziki şəxs Elman Ağaxan oğlu Salmanova məxsus “Okean” marketdə satışının həyata keçirildiyi müəyyən edilib.

Tacxeber.com xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq, agentliyin müfəttişləri həmin marketdə plandankənar yoxlama aparıb. Yoxlama zamanı ticarət obyektinin satış vitrinində kütləvi informasiya vasitələrində yayılmış yararlılıq müddəti bitmiş dovğa məhsullarına rast gəlinməyib.

Buna baxmayaraq, aparılan yoxlama zamanı satışda olan digər qida məhsullarının da yararlılıq müddətinə baxış keçirilib. Baxış zamanı son istifadə müddəti bitmiş “Buva” əmtəə nişanlı 9 ədəd 0,33 litrlik qazsız təbii mineral su və digər məhsullar aşkar edilib. Yararlılıq müddəti bitmiş məhsullar dərhal satışdan kənarlaşdırılıb.

Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, ticarət obyektinin rəhbərliyinə qida məhsullarının satışı zamanı yararlılıq müddətinin daimi nəzarətdə saxlanması ilə bağlı ciddi xəbərdarlıq olunub. Eyni zamanda aşkar olunan uyğunsuzluqlarla bağlı rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

Tacxeber.com

Oxşar xəbərlər