“Fəxr etdim ki, döyüşdüyüm Qarabağda oyun idarə edəcəyəm” – Xankəndidə tarixə düşən hakim
Azərbaycan Kubokunun 1/8 finalının “Qarabağ” – MOİK oyunu futbolumuzun tarixinə düşdü. İşğaldan azad olunduqdan sonra ilk dəfə Qarabağda oyun məhz Xankəndi şəhər stadionunda keçirildi. Bu görüşdə tarixə düşən təkcə qol vuran “Qarabağ”ın gənc forvardı Nəriman Axundzadə olmadı, həmçinin baş hakim Əli Əliyev işğaldan azad olunmuş torpaqlarımızda matç idarə etmiş ilk hakim kimi tarixə adını yazdırdı.
Əli Əliyev özü də “Qarabağ” adına yad sima deyil. O, Aftandil Hacıyevin (indi “Qarabağ” Akademiyasının rəhbəri) vaxtı ilə baş məşqçisi olduğu “Qarabağ”ın əvəzedici komandası ilə 2015/16 mövsümündə ölkə çempionu olub. Premyer Liqada “Kəpəz” və “Rəvan” kimi klublarda oynadıqdan sonra hakimlik fəaliyyətinə başlayıb. 2020-ci ildə uşaq liqalarında hakimlik edərkən, II Qarabağ Müharibəsində iştirak üçün təlimlərə çağırılıb və döyüşlərdə iştirak edib.
Qalanını 29 yaşlı referi Prosport.Az saytına verdiyi müsahibədə özü izah edib.
– Sizi Premyer Liqada az-az görürük. Sizcə, Xankəndidəki oyuna məhz sizin təyinatınızın səbəbi nə idi?
– Bəli, Premyer Liqada cari mövsüm 2 oyunda baş hakim olmuşam. Sonuncu dəfə oktyabrın 1-də VIII turun “Araz-Naxçıvan” – “Zirə” oyununu idarə etmişdim. Ondan əvvəl isə avqustda IV turda “Qarabağ” – “Kəpəz” matçında baş hakim olmuşam. Cari mövsüm 2-ci dəfə “Qarabağ”ın matçına təyinat alırdım. Amma I və II Liqalarda da baş hakim kimi oyunlar idarə etmişəm. Bu matçda isə təyinatda yer alanlardan laynsman Taleh Məmmədov və 4-cü hakim Kamal Umudlu II Qarabağ Müharibəsinin veteranları idi. Özüm də döyüşdə iştirak etmişəm. Digər laynsman Şirmamed Mamedovun isə bibisioğlu şəhid olmuşdu. Mən düşünürəm ki, bu məqsədlə bu tarixi oyun bizə həvalə olunmuşdu.
– Siz özünüz müharibədə nə vaxt iştirak etmisiniz?
– 2020-ci ilin sentyabrın 21-də hərbi səfərbərliklə Sumqayıtın N saylı hərbi hissəsinə çağırılmışam. Atıcı əsgər idim. Döyüşlər başlayandan cəbhə ərazisinə yollanmışıq. Füzuli-Xocavənd istiqamətində və Laçın dəhlizi yolunda döyüşlərdə iştirak etmişəm. Döyüş bitdikdən sonra cəmləşmə məntəqəsi kimi Cəbrayılda olmuşam. “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişəm.
– Oyunun sizə verilməsini biləndə, hansı təəssüratları yaşadınız?
– Əlbəttə, qürurlandım. Təyinatı eşidəndə, tüklərim biz-biz oldu. Fəxr hiss yaşadım ki, döyüşdüyüm, işğaldan azad etməyə çalışdığım Qarabağda oyun idarə edəcəyəm. Bundan xoşbəxt hisslər ola bilməz.
– Yəqin ki, ağlınıza gəlməzdi ki, heç vaxt görmədiyiniz Xankəndidə keçirilən ilk futbol matçının baş hakimi olarsınız…
– Özüm də başa düşmürəm ki, bu necə emosiyalardır. Stadionda tamaşaçılar “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz” deyə qışqırırdı. Mənim üçün bundan dəyərli hisslər ola bilməz. Futbol oynamaq üçün hava da imkan verirdi. Ümumiyyətlə, oranın havası əladır. Stadionun şəraiti də yaxşı idi. Prezident İlham Əliyev oyundan öncə bizimlə görüşdü. Ali Baş Komandanla əsgər kimi görüşə bilməsəm də, hakim kimi görüşmək mənə qismət oldu. Bu da qürur keçiriləsi hisslərdir.
– Oyunda cəmi 1 sarı vərəqə göstərdiniz. MOİK-in qapıçısı Zeynal Əhmədzadə 82-ci dəqiqədə oyunun bərpasını ləngitdiyinə görə cəzalandı…
– Ümumiyyətlə, oyunda gərginlik olmadı. Futbolçular bir-birinə qarşı kobud oynamadı. Özləri də bu oyunun tarixi əhəmiyyətini başa düşürdülər.
– Matçdan öncə ölkə başçısı meydana daxil olanda, sizinlə dialoqu da oldu. Sizə nə dedi?
– Dedi ki, fəaliyyətinizdə uğurlar arzulayıram. Mən də təşəkkür etdim. Sonra “hansı tərəfə başlamalıyam, püşkü hansı komanda udub” kimi belə bir dialoqumuz oldu. O da topu MOİK tərəfə atdı.