• 24 Noyabr 2024 07:09

“Turacı” quş kimi süzdü, “Naz eləmə”yə naz qatdı: Rəqsin kraliçası Əminə Dilbazi

 

O, bütün rəqsləri duyğuları ilə idarə edirdi. Onun hiss etdikləri həmişə fərqli olurdu. Elə rəqslərində fərqliliyi, təbiiliyi də bunun hesabına özünü biruzə verirdi. Quş kimi süzməyi, incə plastikası ona ayrı bir gözəllik bəxş edirdi. Ömrünü həyatı qədər sevdiyi rəqs sənətinə, milli rəqslərimizin təbliğinə həsr edən, rəqs sənətinin kraliçası Əminə Dilbazinin bu gün doğum günüdür.

Tacxeber.com Publika.az-a istinadən əfsanəvi rəqqasə, Xalq artisti Əminə Dilbazi ilə bağlı maraqlı məqamları təqdim edir.

Əminə Dilbazi 1919-cu il, dekabrın 26-da Qazax mahalında dünyaya gəlib. dünyaya gəlib. Beş yaşında böyük qardaşı Cavanşirin xəstəliyi ilə əlaqədar olaraq ailəsi Bakıya köçür. Həkimlərin səylərinə baxmayaraq, qardaşının həyatını xilas etmək olmur. Qardaşının vəfatı ilə Əminənin həyatında bambaşqa bir səhifə açılır. Atası “Bu gündən Əminə mənim oğlum Cavanşirdir” deyərək, onu oğlan kimi böyüdür, saçlarını kəsdirib, ona oğlan paltarları geyindirir. Elə buna görə də, Əminə Dilbazi uşaqlıqdan idmana – yüngül atletikaya maraq göstərir, yarışlarda birincilik qazanır.

Əminə Dilbazi tale yazısına çox inanırdı. Bəlkə də elə bu səbəbdən idi ki, həyat onun qismətinə idmançı olmağı deyil, rəqqasə olmağı yazır. 1935-ci ildə rəqqas Əşrəf Səfərovun təşəbbüsü ilə keçirilən rəqs müsabiqəsində iştirakı onun rəqqaslıq fəaliyyətinə yol açır. Xalq Rəqs Ansamblının yaradılması məqsədilə keçirilən müsabiqədə Əminə xanım xüsusi qabiliyyəti ilə fərqlənir və həmin ildən ansamblda fəaliyyətə başlayır. Elə həmin il Əminə Dilbazi Üzeyir Hacıbəyovun bəstələdiyi “Kolxoz çölləri” musiqisi əsasında ilk rəqsini qurur və ifa edir. Dahi bəstəkar gənc rəqqasənin ifasından xüsusi bir zövq alır, hətta ona zəng edərək bu rəqsi dövlət konsertinin proqramına salacaqlarını da bildirir. Beləcə başlayır gənc rəqqasənin uğur hekayəsi.

Əminə Dilbazi sonralar xareoqraf kimi bir çox filmlərdə, o cümlədən “Dədə Qorqud”, “Azərbaycan toyu”, “Bir bağçanın gülləri” səhnə əsərlərində, “Leyli və Məcnun” , “Arşın Mal Alan” və “O olmasın bu olsun” musiqili komediyalarında müxtəlif rəqslərə quruluşlar verib.

O milli rəqslərimizə yeni-yeni çalarlar gətirir və onları orijinal ifa üslubu ilə xeyli zənginləşdirirdi. “Vağzalı” rəqsində əllərində stəkan tutaraq süzməsi, qavalla rəqs ideyasının müəllif məhz gənc Əminə olub. Onun fərdi ifa tərzi var idi. “Turacı”, “Tərəkəmə”, “Naz eləmə”, “İnnabı”, “Uzundərə”, “Ceyran Bala” rəqsləri onun ifasında özünəməxsus zəriflik və incəliklə təqdim olunurdu.

Əminə Dilbazi 1947-ci ildə Praqada keçirilən gənclərin və tələbələrin I Ümumdünya festivalının, 1957-ci ildə Moskvada keçirilən VI Ümumdünya festivalının iştirakçısı olub. 1954-cü ildə Əməkdar artist, 1959-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb, 1999-cu ildə “İstiqlal” ordeni ilə təltif edilən görkəmli sənətkar Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü olub. Uzun illər Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında qızlardan ibarət rəqs qrupunun rəhbəri oldu. 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun nəzdində yaradılan “Çinar” tələbə rəqs kollektivinə, 1967-ci ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki “Sevinc” qızlar ansamblına rəhbərlik edib. İncəsənət Gimnaziyasında “Günel” rəqs qrupunu yaradıb. Azərbaycan milli rəqs sənətini müasir estrada səhnəsinə çıxarıb və 20-dən çox ölkədə milli rəqslərimizi uğurla təbliğ edib.

O qədər gözəl qadın idi ki, rəqs elə bil onun boyuna biçilmişdi. İç dünyasının da bütün gözəllikləri onun rəqslərinə yansıyırdı. Nazı, qəmzəsi, özünəməxsus mimik hərəkətləri də öz yerində. Milli rəqs sənətimizin vizit kartı sayılırdı Əminə Dilbazi. Və o 91 il bu yolu uğurla qət etməyi bacardı. Xalq artisti 2010-cu il aprelin 30-da bu həyata vida etdi.

Tacxeber.com

Oxşar xəbərlər