• 21 Sentyabr 2024 14:31

SSRİ vaxtı türkdilli xalqları birləşdirən sənətkar: O, Yaponiyanın tarixinə necə düşüb?

28 dekabr dünya şöhrətli müğənni, xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür. Nə yazasan? Hansı sözləri ard-arda düzüb ortaya nə isə çıxara biləsən? Adının qarşısında bütün təriflər çox sönük görünəcək…

Elə bir tək adı və soyadı bundan sonra da onun haqqında yazılacaq ən gözəl fikirlərə bərabərdir. Adının qaşısında özü böyüklükdə ikinci bir söz çətin ki, tapa bilim. O, Azərbaycanın Zeynəbidir, bizim Zeynəbimizdir, dünyanın Zeynəbidir.

Publika. az sənətkarla bağlı maraqlı məqamları təqdim edir.

Onun adı çəkiləndə üzlərdə gülüş, gözlərdə təbəssüm, qığılcım sezilir. Adı xoşbəxtliklə yanaşı çəkilirdi hər zaman və onun adını eşidənlər, simasını ekrandan görənlər anidən xoşbəxt olurdular. Çünki, o, oxuduğu xoşbəxt nəğmələrlə və xoşbəxtlikdən oxuduğu nəğmələrlə, gözəlliyi və zərif gülüşü, şux-şaqraq rəqsləri, sevimli ədaları, mahnılarının nikbin melodiyaları və ümid işığı ilə dolu sözlərlə bizim üçün xoşbəxtliyin gerçək görüntüsünü yaratmışdı. O, təsəvvürümüzdə sönməz bir ulduz, əvəzolunmaz əfsanə kimi canlanır hər zaman.

Zeynəb Xanlarova vaxtında, həm də sağlığında qiymətini alan xoşbəxt insanlardandır. Məşhur mahnısında dediyi kimi: “Dünyanın xoşbəxti mənəm dünyada”. O, səhnəmizə hərəkətlilik və canlılıq gətirib. Zeynəb xanıma qədər ifaçılar yerlərindən tərpənmədən oxuyurdular.

“Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir.

1975-ci ildə Azərbaycan SSR xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adını alıb. Azərbaycan SSR Dövlət mükafatı laureatıdır. Yəməndə +50 dərəcə temperaturda açıq havada konsert proqramı ilə çıxış edən ilk xanım sənətçidir. Əfqanıstanda isə tankların, pulemyotların müşayiəti ilə bir neçə saat dayanmadan oxuyan müğənni də məhz odur. O, sabiq SSRİ-dən Yaponiyada konsert verən ilk müğənni kimi də bu ölkənin tarixinə düşüb.

Zeynəb Xanlarova dəhşətli Çernobıl faciəsi baş verən zaman konsertlərindən qazandığı gəlirdən böyük məbləği zərərçəkmişlərə bağışlayır və yardım siyahısında Azərbaycanın adı Zeynəb xanımın sayəsində öz layiqli yerini alır.

Hələ Sovetlər dönəmində türkdilli xalqaları öz musiqisi ətrafında birləşdirən də o olub. Zeynəbi özbək də sevir, qazax da, türkmən də, qırğız da. Azərbaycan musiqisini, mədəniyyətini dünyanın dörd bir tərəfində layiqincə təmsil edən incəsənt xadimidir Zeynəb Xanlarova.

İfa etdiyi bütün mahnılar dillər əzəbirdir. Zeynəb xanımın yaradıcılığı musiqi mədəniyyəti tarixində əvəzolunmaz mərhələdir. O, səhnəyə musiqili hərəkət, dinamika gətirdi. O, insanların qəlbinə yol tapa bildi, onları özünün musiqili sehr dünyasına cəzb edə bildi. Qəlb çırpındıran, könül sızıldadan mahnıları ilə insan qəlbinin rubab tellərini oynatmağı bacardı. Sağlığında özünə əbədi heykəl ucalda, ümumxalq sevgisi, məhəbbəti qazana bildi.

Özünəməxsus xarici görünüşü, geyim tərzi, hətta istifadə etdiyi zinət əşyaları, hər hərəkəti, mimikası ilə belə həmişə fərqləndi, ən şarmlı qadın titulunu bu günə kimi qoruyub saxlamağı da bacardı. Zamanla bir çoxları özlərini ona bənzətməyə çalışsada, nə fayda… Heç biri o olmağı bacarmadı. Bənzərsizdir, təkrarsızdır bizim Zeynəb.

Ağlımız kəsənədən bəri hər yeni ili məhz Zeynəb Xanlarovanın ifası ilə qarşılayırıq. Bu bir qaydadır, illərdir ənənəsini pozmayan, dəyişməyən qızıl qayda. Ən böyük sənətkarlar ən sonda ifa edər hər zaman. Biz onu məhz belə görüb, belə sevmişik. Kim nə deyir desin, haqqında müxtəlif fikirlər səsləndirilsə belə Zeynəb Zeynəbdir. Özü də bir tək bizim yox, dünyanın ən xoşbəxt Zeynəbidir. Doğum gününüz mübarək, əfsanə qadın.

Tacxeber.com

Oxşar xəbərlər