• 26 Noyabr 2024 16:47

Ata ölürsə, alimenti kim ödəyir? Uşağın babası? – Qanun nə deyir…

Ata ölürsə, alimenti kim ödəyir? Uşağın babası? -  Qanun nə deyir...

Ailə Məcəlləsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşağı saxlamağa borcludur. Eyni zamanda, nikahı pozulmuş və uşaqlarından ayrı yaşayan ata və ya ana müəyyən məbləğdə pul ödəməli, yəni aliment ödəməlidir. Maraqlıdır, bəs valideynlərdən hansısa biri vəfat edərsə, bu zaman sözügedən öhdəlik kimin üzərinə düşür? Ümumiyyətlə, bu halda aliment öhdəliyi qalırmı?

“Yeni Sabah”a açıqlamasında vəkil Babək Həmidov bildirib ki, Ailə Məcəlləsində baba və nənənin də aliment öhdəliyi var:

“Bu məhkəmə təcrübəsi ilə formalaşır. Yəni məhkəməyə sırf sözügedən əsaslarla müraciət olunmalıdır. Birinci növbədə aliment ödəyən şəxs dünyasını dəyişibsə və bu ödənişi etmək qabiliyyətində deyilsə, həmin məsələ barədə məhkəmə qərar çıxarır. Bu qərar baba və nənənin maddi vəziyyəti araşdırıldıqdan sonra müəyyən edilir.

Araşdırılır ki, bu şərait və stiuasiyada aliment öhdəliyi onların üzərinə qoyula bilər, ya yox. Amma ümumi müddəa kimi, Ailə Məcəlləsində baba və nənənin də nəvəyə münasibətdə aliment öhdəlikləri nəzərdə tutulub”.

Hüquqşünas bu öhdəliyin nənə və babaya hansı hallarda keçməsindən də bəhs edib:

“Bu boşanma prosesindən öncə də, sonra da ola bilər. Yəni valideynlərdən biri boşanmadan vəfat etdiyi təqdirdə, qarşı tərəfin valideynləri aliment öhdəliyi daşıya bilirlər. Həm ana, həm də atanın valideynləri olan nənə və babalar nəzərdə tutulur”.

Vəkil bu halla heç rastlaşmadığını da qeyd edib:

“Bu kimi məsələlər barədə mənə heç bir müraciət olunmayıb və belə hallarla qarşılaşmamışam. Ancaq hər halda qanunvericilikdə həmin müddəa var”.

Tacxeber.com

Oxşar xəbərlər