Bu il qlobal dövlət borcu keçən illə müqayisədə 5,4% artaraq 97 trilyon dollara çatıb.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında deyilir.
Dünyanın əksər hökumətləri məşğulluq bazarını qorumaq və iflas dalğalarının qarşısını almaq üçün genişmiqyaslı maliyyə təşviqi proqramları həyata keçirib. Xüsusilə səhiyyə, sosial sahələr və məşğulluğun dəstəklənməsi üçün verilən stimullarla ölkələrin borcları kəskin artıb.
Bundan əlavə, inkişaf etmiş ölkələrdə qocalmış əhali üçün səhiyyə və pensiya xərclərinin artması dövlət büdcələrinə təzyiq göstərib ki, bu da xərcləri ödəmək üçün borclanma yükünü artırıb.
Hesabata görə, qlobal dövlət borcu 2019-cu ildəki 74 trilyon dollardan bu il 97 trilyon dollara yüksəlib.
Ən çox borcu olan 3 ölkə:
1. ABŞ
ABŞ təxminən 33 trilyon dollarla dünyada ən çox borcu olan ölkədir. Belə ki, ABŞ qlobal dövlət borcunda 32 % paya malikdir. Ölkənin bu il borcu keçən illə müqayisədə 10% artıb.
Covid-19 pandemiyası ilə iqtisadi mübarizə aparmaq üçün ABŞ hökuməti vətəndaşlarına milyardlarla dollarlıq birbaşa ödənişlər edib, işsizlik müavinətlərini genişləndirib və şirkətlərə maliyyə dəstəyi verib. Bu da dövlət borcunun artmasına səbəb olub.
ABŞ-nin dövlət borcuna mənfi təsir göstərən başqa bir gözlənilməz faktor isə Rusiya-Ukrayna müharibəsi olub.
2. ÇİN
Çin 17,2 trilyon dollarlıq borcu ilə ABŞ-dən sonra dünyanın ən çox borcu olan ikinci ölkəsidir.
İnfrastruktur və sosial-iqtisadi proqramlara külli miqdarda vəsait xərcləyən Çin hökuməti son illərdə Mərkəzi Bankının iqtisadiyyatı stimullaşdırmaq üçün faiz dərəcələrini aşağı səviyyədə saxlaması səbəbindən borclanma həcmini artırıb.
3. Yaponiya
Yaponiya 11 trilyon dollarlıq dövlət borcu ilə bu siyahıda 3-cü yerdə qərarlaşıb. Ölkənin dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 255% təşkil edib. Buna səbəb ölkə əhalisinin qocalması və bu əhaliyə dəstək xərclərinin artmasıdır. (İqtisadiyyat)