• 20 Sentyabr 2024 22:40

Adı şagirdlərin zəhərlənməsində keçən şirkət nazirliyə 14 milyonluq ərzaq satacaq

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.

“TAİS-İKF” MMC Elm və Təhsil Nazirliyinin sifarişi ilə nazirliyin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2024-cü il ərzində yeməklə təchizatını həyata keçirəcək.

Nazirlik yeməklər üçün “TAİS-İKF” MMC-yə 14 milyon 311 min 289 manat 65 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, “TAİS-İKF” MMC – 30.06.1994-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qaibov, ev 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “TAİS-İKF” MMC-nin adı mətbuatda bir-sıra qalmaqallarda hallanıb.

Ötən ilin aprel ayında Bakıda A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə kütləvi zəhərlənmə barədə məlumat yayılıb. Açıqlanan rəsmi məlumatlarda bildirilib ki, 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub. Hadisə ilə bağlı 12 aprel tarixində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən açıqlama (https://afsa.gov.az/az/xeberler/mekteblerin-qida-bloklarinda-aparilan-yoxlamalarin-neticesi-ile-bagli-melumat4179 ) verilib. Açıqlamada qeyd olunub ki, aprelin 6-da sözügedən məktəbin müxtəlif siniflərində təhsil alan 7 şagird məktəbin yeməkxanasında xidmət göstərən “TAİS İKF” MMC tərəfindən satışı həyata keçirilən toyuğun qızardılmış döş əti (nagets), 1 şagird isə dönər (şaurma) qəbul edib. Qeyd olunan hadisə ilə bağlı 20 nömrəli tam orta məktəbdə keçirilən yoxlama zamanı “TAİS İKF” MMC-nin yeməkxanada icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi, adıçəkilən qidaların məktəbə həmin şirkət tərəfindən hazır şəkildə termobokslara yığılaraq gətirildiyi məlum olub.

“TAİS İKF” MMC ilə bağlı daha bir qalmaqallı hadisə 2022-ci ildə baş verib. Sevil Xanbabayeva adlı şəxs sosial şəbəkələrdə videomüraciət (https://www.youtube.com/watch?v=-FBPDMsrFxU ) yayaraq bildirib ki, o “Bakı Metropoliten” QSC-nin “Ulduz” stansiyasında xadimə kimi çalışır. Sevil Xanbabayeva iddia edib ki, metropolitenin işçiləri Rafail adlı şəxsin bağında qanunsuz işlədilir. Daha sonra məlum olub ki, “Bakı Metropoliten” QSC-nin təmizlik işləri ilə bağlı keçirdiyi tender müsabiqəsinin də qalibi “TAİS İKF” MMC olub. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər