Deyirdilər, “Neftçi”yə tarixində görmədiyi günləri yaşadacaq…
“Neftçi”də Adrian Mutu dönəmi başa çatdı.
Yayda SOCAR-ın inzibati binasında sənədə qol çəkərək, ölkənin ən yaşlı klubunda baş məşqçi postuna gətirilən rumıniyalı çalışdırıcının Azərbaycandakı fəaliyyəti 6 ay çəkdi.
Onun rəhbərliyi dönəmində paytaxt təmsilçisi “Jelezniçar” səddini adlamağı bacardı,
Premyer Liqada meydana çıxdığı 17 oyunun (“Kəpəz”lə görüşə komandanı köməkçisi çıxarıb – H.) 8-də qələbə qazandı, 4 dəfə heç-heçə oynadı və 6 matçda məğlub oldu.
Bu, başında əcnəbi mütəxəssisin dayandığı, yayda 10-dan artıq yeni futbolçunun cəlb olunduğu komanda üçün fiaskodur.
Hə, indi keçək məsələnin əsas tərəfinə. Mutunun gedişi ilə ocaq söndümü? Xeyr. Əsl həngamə qabaqdadır (olmalıdır!).
Mutunun piarını ən yüksək səviyyədə apararaq onu “Neftçi”yə sırıyan, rumınla əl-ələ verib bir vaqon legionerin müqavilə bağlamasına şərait yaradan, qısası, şəxsi maraqları üçün büdcəni talan edən dəstə çarmıxa çəkilməlidir.
Futbolçu kimi parlayan Adrianın məşqçi kimi bacarıqsız olduğunu bütün detalları ilə 12 iyulda qələmə aldığım yazıda qeyd etmişdim. Maraqlananlar üçün linki təqdim edə bilərəm:
https://www.sportinfo.az/idman_xeberleri/neftci/175327.html
Tək mən yox, futbolun “f”sindən xəbərdar olan istənilən şəxs Mutunun “Neftçi” üçün uyğun variant olmadığını, komandanı uçuruma aparacağını əminliklə deyirdi.
Hamı görürdü, bilirdi, məlumatlı idi. Təkcə bir çemodan pulun Azərbaycandan Rumıniyadan çıxmasına qərar verənlərdən başqa. Bu, bir nəfərin işi deyil. “Cinayət” mütləq ki, dəstə halında həyata keçirilib.
Biri arada vasitəçi rolunu oynayıb, digəri Mutunun reklamını üst səviyyədə reklam edib, bir başqası qol çəkən adamı inandırıb.ki, 5 ildə 6-cı komandanın başına keçən 44 yaşlı mütəxəssis “Neftçi”yə tarixində görmədiyi günləri yaşadacaq.
Sonluq ictimaiyyətin dediyi kimi oldu. Məşqçilik karyerasında uğur qazana bilməyən adam “Neftçi”də çalışmaqla karyera səhifəsini və büdcəsini zənginləşdirib aradan çıxdı.
Çox güman, müqavilədə göstərilən təzminatı da alacaq. Mutu ilə köməkçilərinə, Andre Şinyaşiki, Lukas Melano, Aaron Samuel Olanare, Reziuan Mirzov kimi lazımsız legionerlərə verilən pullar sanki göyə sövrulur.
Sabiq hücumçunun parlaq adını eşitməklə izdivaca qol çəkənlər rumının məşqçi kimi dəyərsiz olduğunu bilsəydi, “Neftçi” gülməli vəziyyətə düşməzdi.
Adrian həngaməsi hələ başlanğıcdır. Yeni baş məşqçi – Miodraq Bojoviçin Azərbaycana hansı kanalla və kim(lər)in marağına söykənərək gəlməsi də vacib sualdır.