Onun çoxsaylı fırıldaqları arasında Eyfel qülləsini satması xüsusi yer tutur. Hər şey bir fransız qəzetindəki məqalədən başlayır. Həmin məqalədə Eyfel qülləsinin saxlanılmasının dövlətdən hər il xeyli maliyyə tələb etməsi yazılırdı.
Müəyyən hazırlıqlardan sonra Lüstiq metallolom tacirlərinin bir qrupunu bahalı oteldə görüşə dəvət edir, özünü hökumətin təmsilçisi kimi qələmə verir və bildirir ki, hökumət qülləni söküb metal kimi satmaq niyyətindədir, amma ictimaiyyətin kəskin reaksiya verə biləcəyindən narahat olduğu üçün bunu hələ açıqlamır.
Bir neçə görüşdən sonra Lüstiqin gözü Andre Puasson adlı biznesmeni “tutur”. Onunla təkbətək görüşən fırıldaqçı tenderi udmasına kömək edə biləcəyinə inandırır. Nəticədə həm Eyfeli almaq üçün lazım olan vəsaiti, həm də rüşvəti biznesmendən alaraq aradan çıxır.
Aldadıldığını anlayan Puasson özünü gülüş hədəfi etməmək üçün polisə şikayət də etmir.