“İsrail müttəfiqlərinə bildirib ki, İranın Kirman şəhərində baş verən partlayışlarda onun kəşfiyyat xidmətlərinin əli olmayıb”.
Bu barədə “The Wall Street Journal” İsrail əməliyyatları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Qəzetin həmsöhbətlərinin fikrincə, partlayışların mahiyyəti İsrailin iddia edilən hücumlarının nümunəsi ilə üst-üstə düşmür, bu hücumlar əvvəllər İran təhlükəsizlik qüvvələri ilə əlaqəli şəxsləri və ya infrastrukturu hədəfə alıb.
Nəşr bildirir ki, İsrail baş nazirinin ofisi və İsrail ordusu şərh verməkdən imtina edib.
Qeyd edilir ki, İran Prezidenti İbrahim Rəisi partlayışlara görə İsraili günahlandıraraq, onların ağır bədəl ödəyəcəyini deyib:
“Mən sionist rejimə xəbərdarlıq edirəm: şübhə etməyin ki, bu cinayət və törətdiyiniz bütün cinayətlərin əvəzini ağır ödəyəcəksiniz”.
Nəşrin mənbələrinə görə, partlayışların məqsədi yanvarın 2-də HƏMAS lideri Saleh əl-Arurinin öldürülməsindən sonra ölkələr arasında gərginlik dövründə İsrail və İran arasında nifaq salmaq ola bilər. Qəzetin həmsöhbətlərinin fikrincə, İran daxilindəki islamçı müxalif təşkilatların partlayışlarda əli ola bilər, lakin onlar bu nöqteyi-nəzəri təsdiqləyən dəlil təqdim etməyiblər.
Xatırladaq ki, ötən gün İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlıq yaxınlığında iki partlayış baş verib. Partlayışlar nəticəsində azı 103 nəfər həlak olub, 188 nəfər yaralanıb. İran hökuməti partlayışları terror aktı elan edib. (Yeniavaz)