• 28 Noyabr 2024 08:41

Zaur və Günayla bağlı ATV-dən bəyanat – YENİLƏNİB

 

Bəzi şəbəkə yazılarında ATV-nin ən reytinqli proqramlarından olan “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin guya bağlanacağı barədə əsassız iddialar irəli sürülür və hətta bu məlumatın telekanaldan hansısa məsul vəzifə tutan mücərrəd şəxsin təsdiqlədiyi qeyd edilir.

Məsələ ilə bağlı “Ölkə.az”a açıqlama verən ATV-nin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli, bu xəbərin tamamilə yalan olduğunu deyib.

“Jurnalistika və xəbər sahəsi ilə tanış olan hər bir kəs anlayır ki, mənbəyi bilinməyən istənilən məlumata bəri başdan inanmaq olmaz. Qondarma xəbərə mötəbərlik donu geydirmək üçün, mənbəni “ATV-nin məsul şəxsi” adlandırmaq da yalanı doğru etmir. Özünü “ATV-nin məsul şəxsi” kimi təqdim edən mənbə olubsa da, çox güman ki, o şəxs adi dələduzdur. Zaur Baxşəliyev ATV telekanalında 20 ildən çoxdur ki, müvəffəqiyyətlə çalışır və yüksək istedadı, savadı, televiziya təcrübəsi, əmək intizamı ilə seçilir. Onu tanıyanlar bilirlər ki, yayım fəaliyyəti ilə bağlı hər hansı dəyişiklik barədə o, ilk növbədə öz kollektivi, həmkarları və telekanalın rəhbərliyi ilə bölüşər. Zaur və Günay Baxşəliyevlər uzun illərdir ki, geniş tamaşaçı auditoriyasını maraqlı, aktual və sevilən verilişlərlə sevindirirlər. Onlar daim öz verilişlərini təkmilləşdirir və zənginləşdirir, həmkarları ilə yeni maraqlı ideyaları bölüşürlər.

Fürsətdən istifadə edərək, bir daha xatırladırıq ki, ATV telekanalının fəaliyyəti ilə bağlı rəsmi və doğru məlumat üçün ATV-nin Media və İctimaiyyətlə əlaqələr şöbəsinə müraciət etmək olar”.

***

Tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramların bağlanacağına dair açıqlaması müzakirəsiz ötüşmədi.

Bunu Zaurun “bayram zarafatı” kimi qəbul edənlər də olub.

ATV-də məsul vəzifə tutan şəxslərdən biri Yenisabah.az-a açıqlamasında bu xəbəri təsdiq edib.

Mənbənin dediyinə görə, yaxın vaxtlarda, ən gec sezon sonunda Zaur Baxşəliyevin müəllifi olduğu hər iki veriliş bağlanacaq.

ATV rəsmisi telekanal rəhbərliyinin Zaur-Günay cütlüyünün fəaliyyətindən razı olduğunu bildirib. Qeyd edib ki, Zaurun verilişlərinin bağlanması ATV-nin yayım siyasəti ilə əlaqəli deyil.

Onun sözlərinə görə, Zaur ailəsi ilə birlikdə xaricə köçməyə hazırlaşdığı üçün telekanalla yollarını ayırır.

Mənbə Zaur Baxşəliyevin hansı səbəbdən ölkəni tərk etdiyinə dair məlumatlı olmadığını bildirib.

Tacxeber.com

Oxşar xəbərlər