• 27 Noyabr 2024 05:47

Elə səni tanımasalar yaxşıdır!

 

Elə səni tanımasalar yaxşıdır!

Məşhurların həyatı cəmiyyət üçün həmişə maraqlı olub. Elə bilməyin ki, bu, təkcə bizim inkişaf yoluna yenicə qədəm qoymuş ölkəmzidə belədir. Düşünməyin ki, ancaq Azərbaycanda məşhurların məşğuliyyəti, hətta nə yeyib, nə içdiyi insanları maraqlandırır. Hamı bizim günümüzdədir… 

ABŞ dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Hazırda sayı 8 milyardı ötən dünya əhalisinin ən azı 1 milyardı ABŞ-ı görmək arzusu ilə yaşayır. Bəlkə də, azı 500 milyon insanın ən böyük arzusu okeanın o tayındakı bu nəhəng dövlətdə yaşamaq, ev-eşik sahibi olmaqdır. Bu arzusunu gerçəkləşdirmək üçün ABŞ-da xadimə işləməyə, dönər bişirməyə, təkər qaraltmağa razı olan 100 milyonlarla insan var…

Dünyanın amerikalılara həsəd aparmasına baxmayın. Amerikalılar özləri boyu 1.70-ə çatmayan “cırtdan” ləqəbli Messiyə həsəd aparırlar. Mayamidə Fort-Loderdeyldə Messi ilə qonşu olan Patrik Bet-David belə deyir:

“Mən evimi 20 milyon dollara almışam. Messi gələndən sonra isə ev 45 milyon dollar dəyərində olub. Beləliklə, kapitalımı 25 milyon dollar artırmışam. Messi bu rayona köçdükdən sonra hamı burada yaşamaq istəyir. İndi Messi buradadır. İnsanlar onu görmək ümidi ilə qayıqlarla bura gəlirlər”.

Lütfən axırıncı cümləni bir də ayrı oxuyaq: “İnsanlar onu görmək ümidi ilə qayıqlarla bura gəlirlər”.

Bəli, məhz belə deyib. Mən üzünü görmədiyim, adını ilk dəfə eşitdiyim Partik Bet-Davidin doğru danışdığına əminəm…

Söhbətə uzaqdan başlamağıma baxmayın, mövzu yaxındır, ölkəmizin içindədir. Bəlli olduğu kimi, Əməkdar artist Aygün Bəylər srağagün axşam Ankarada dünyasını dəyişib. Aygün Xalq artisti olmasa da, xalqın sənətkarı idi. Xalqın onun personasına – hətta dünyasını dəyişəndən sonra da – bu qədər maraq göstərməsi təbiidir. Media xalqın arzularının ifadəçisidir. Xalq (oxucu da yaza bilərdik – S.V) nəyi görmək istəyirsə, biz onu çəkirik, göstəririk, nəyi oxumaq istəyirsə, biz onu yazırıq. Əlbəttə, mən insanların faciəsindən şou düzəltməyin əleyhinəyəm. Heç vaxt bu cür lazımsız aksiyalarda iştirak etməmişəm. Amma etik qaydalar çərçivəsində dünyadan köçən məhşurlar haqda yazmaq, müəyyən mərasimləri çəkmək olar. Bu konteksdən yanaşanda İTV-nin gənc müxbirinin ötən gecə mərhum Aygün Bəylərin evindən reportaj hazırlamasında hər hansı qəbahət görmürəm. Bəli, müsahibə çiy sual verdi. Amma bu bağışlanılmayacaq qəbahət deyil. Tar ifaçısı Elxan Müzəffərovun davranışı isə kifayət qədər qüsurludur. Səbəb o qədər sadədir ki, adam yazmağa da utanır: Sən demə, gənc jurnalistin onu tanımaması Elxan müəllimin “çest”inə dəyib.

Etiraf edirəm: Mən də o tarzəni tanımırdım. Əminəm ki, hörmətli Elxan müəllim də məni tanımır.

Canı sağ olsun!

Bu cür tanınmaqdansa, tanınmamaq yaxşıdır.

Elə adamlar var ki, onları tanımasaq yaxşıdır…

Seymur VERDİZADƏ 

Tacxeber.com

Oxşar xəbərlər