Sabiq deputat, Xalq artisti Zeynəb Xanlarovanın xidməti avtomobili barəsində yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) inzibati xəta protokolu tərtib olunub.
“Qaynarinfo”nun məlumatına görə, Zeynəb Xanlarovanın Dövlət Ansamblının adına olan avtomobili barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan beş gün müddətində verilməməsinə görə vəzifəli şəxslər 150 manat, hüquqi şəxslər 300 manat cərimə edilir.
İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır.