• 28 Noyabr 2024 08:10

“Natəvanın heykəlinin götürülməsi ilə bağlı heç bir niyyətimiz yoxdur”

 

“Bu gün hər yerdə reallığı əks etdirməyən məlumatlar yayılıb. Bildiyiniz kimi, Xurşidbanu Natəvanın heykəli vandalizm aktına məruz qalıb. Heykəlin burnu sındırılıb, həmçinin üzərinə qırmızı maye tökülüb. Şəhərimizin bu sahəyə məsul xidməti heykəli qorumaq üçün onu bürüyüb. Bu, şəhərimizin mövqeyidir. Bizim bu heykəli oradan götürmək, ondan qurtulmaq kimi heç bir niyyətimiz olmayıb və yoxdur. Heykəlin oradan götürülməsi heç vaxt müzakirə mövzusu olmayıb”.

Bu sözləri AZƏRTAC-ın sualına cavabında Evian-le Ba şəhər meriyasının attraktivlik üzrə direktor müavini Kristel Okler söyləyib.

K.Okler vandalizm aktı ilə bağlı hər hansı təhqiqat işinin aparılması ilə bağlı suala cavabında bunun onun səlahiyyətləri çərçivəsində olmadığını və bununla bağlı fikir söyləyə bilməyəcəyini deyib. Ancaq bununla belə, orada videomüşahidə sisteminin olmadığını və vandalizm aktını törədənlərin tapılmasının çətin olacağını qeyd edib.

O diqqətə çatdırıb ki, şəhər meriyasının heykəllə bağlı mövqeyi belədir.
Xatırladaq ki, 2015-ci ilin may ayında İsmayıllıda Azərbaycan Respublikasının İsmayıllı şəhəri ilə Fransa Respublikasının Evian-le Ba şəhəri arasında Dostluq və Əməkdaşlıq Xartiyası imzalanıb.

Həmin dövrdə xartiyanın imzalanmasının məqsədi iki şəhər arasında dostluq əlaqələrini inkişaf etdirmək, mədəniyyət, turizm və iqtisadiyyat sahələrində ikitərəfli əlaqələrə töhfələr verməkdən ibarət olub. Hətta bu istiqamətdə praktiki addımlar atılıb, tərəflər arasında qarşılıqlı səfərlər baş tutub.

Əməkdaşlığın davamı olaraq 2017-ci ildə Evian şəhərində “Azərbaycan bağı”nın və bağda “Dostluq” bulağının, eləcə də görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin açılışı olub. Lakin ötən ilin dekabrında heykəl vandalizm aktına məruz qalıb.

Tacxeber.com

Oxşar xəbərlər