Elgiz Əkbər aparıcısı olduğu “Elgizlə izlə” verilişində Xalq artisti Flora Kərimova və Əməkdar artist Elza Seyidcahan arasında baş verən qalmaqala münasibət bildirib.
E.Əkbər Pravda.az-a açıqlamasında tənqidlər zamanı “Flora Kərimova kimi böyük sənətkarla birgə bu cür müğənnilərin efirə çağırılması düzgün deyil” deyənlərə belə cavab verib: ““Bu cür müğənni” ifadəsi düzgün deyil. Elza Azərbaycan Respublikasının Əməkdar artistidir. Bəyəm küçə, tin müğənnisidir? Bu nə deməkdir? Belə münasibətin, yanaşmaların özü doğru deyil. Hərəsinin öz yeri var. Flora xanım korifey sənətkarımızdır, bizim mədəniyyətimizdə öz yeri var, Elza Seyidcahanın da öz yeri. Verilişə qonaqlar dəvət olunur, amma irəliləyən dəqiqələrdə nələrin baş verə biləcəyindən heç kim sığortalanmayıb. Hər qonağın özünə görə fikri, düşüncəsi, məsələyə yanaşma tərzi var. Olay oldu, bitdi, keçdi, getdi. Hesab edirəm, bundan sonra ara qızışdırmaq, ortalıqda söz aparıb-gətirmək, vəziyyəti daha da gərginləşdirmək lazım deyil. Çalışacağam ki, hər iki gözəl, dəyərli müğənnimizi barışdırım, onları yenidən bir araya gətirim. Dünən biz verilişdən sonra bir yerdə olmuşuq. Elza Seyidcahan, mən, bizim çox dəyərli, milli televiziyamızın aparıcısı Ruslan bəy və Elza xanımın bacısı. Saat 2-dək bir yerdə olmuşuq, müzakirə etmişik. Düşünürəm, yaxın günlərdə, Allahın izni ilə, hər iki tərəfin gözəl mesajları olacaq”.