• 24 Noyabr 2024 11:46

Köhnə, yoxsa yeni avtomobillər?

Ötən il Nazirlər Kabineti tərəfindən verilən qərara əsasən, istehsal ili 10 ildən artıq olan nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsi qadağan olunub. Bu qərarla köhnə avtomobillərin idxalı dayandırılıb. Buna baxmayaraq, ölkəyə avtomobil idxalında azalma qeydə alınmayıb. Əksinə, ötən il Azərbaycanın avtomobil idxalına çəkdiyi xərc 63 % artıb. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 1 milyard 522 milyon ABŞ dolları dəyərində 88 738 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 63,3 % və 32,7 % çoxdur. Bununla yanaşı dövriyyədə ölkəyə əvvəlki illərdə idxal olunmuş nəqliyyat vasitələri də mövcuddur. Bəs, görəsən istehsal ili köhnə və yeni avtomobillərə, eləcə də ektromobillərə tələbat necədir?

 

Müşahidələr zamanı məlum olub ki, maddi durumu yeni avtomobilə sahib olmağa imkan verməyən şəxslər istehsal ili 10 ildən artıq olan nəqliyyat vasitələrinə üstünlük verir. Amma bu maşınların kifayət qədər işləndiyini və buna görə də yarana biləcək texniki qüsurlarını düşünən şəxslər isə yeni avtomobillərin daha sərfəli olduğu qənaətinə gəlirlər. Həmçinin müşahidələr onu göstərir ki, ölkəmizdə son illər elektromobillərə də tələbat artıb.

 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, ümumiyyətlə, manatın devalvasiyasından sonra vətəndaşlar yeni avtomobil almaqda çətinlik çəkirlər.

 

Onun sözlərinə görə, bu baxımdan Azərbaycanda həm köhnə, həm də yeni avtomobillərə maraq var: “Manatın devalvasiyasından sonra misal üçün, 19 min manata olan avtomobil birdən-birə 30 min manata oldu. Bu səbəbdən istehsal ili köhnə olan avtomobillərə tələbat artdı. Amma ötən il hökumətin qərarına əsasən, istehsal ili 10 ildən çox olmayan avtomobillərin idxalına icazə verildi. Bu gün ölkəyə yeni nəqliyyat vasitələri ilə yanaşı istehsal ili 10 ilə qədər olan avtomobillər də idxal olunur”.

 

E.Cəfərov həmçinin Azərbaycanda elektormobillərə olan maraqdan da danışıb: “Ölkəmizdə elektromobillərə də maraq var. Lakin hələ onlar o qədər də populyar deyil. Hazırda ölkəmizdə benzin mühərrikli avtomobillər daha çox istismar olunur”.

 

Qeyd edək ki, hazırda dünyada avtomobil bazarında ən çox satış həyata keçirən Yaponiyanın “Toyota” şirkətidir. “Toyota” artıq dördüncü ildir ki, qlobal avtomobil satışında 1-ci yerdədir. Məlumata görə, avtomobil istehsalçısı ötən ilin yanvar-noyabr ayları arasında 10,22 milyon avtomobil sata bilib. (Valyuta)

Tacxeber.com

Oxşar xəbərlər