• 24 Noyabr 2024 13:17

Bakıda bu xəstəlik də yayılmağa başladı – PEYVƏND TƏLƏB OLUNUR

 

Bakının Sabunçu rayonunun Əmircan və Bülbülə qəsəbələrində sarılıq xəstəliyi yayılıb. Yerli əhali buna kanalizasiya sularının içməli suya qarışmasının səbəb olduğunu deyir.

Məsələ ilə bağlı Sabunçu Rayon Xəstəxanasının mətbuat katibi Səkinə Yusibli Publika.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda xəstəliyin hansı səbəbdən yarandığı araşdırılır:

“Dəqiqliklə deyə bilmərik ki, xəstəlik sudan olub, ya hava-damcı yolu ilə keçib. İlk müraciətlər 11-12 yanvar tarixlərində olub. Hələ də davam edir.TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin Yoluxucu şöbəsində hazırda hepatit (sarılıq) söbəbi ilə statsionar müalicə alan 14 nəfərin hər birinin yaşayış ünvanı Suraxanı rayonudur və əsasən Bülbülə və Əmircan qəsəbəsi sakinləridir. Onların 9-u qadın, 5-i isə kişidir. Vəziyyətləri stabil olaraq dəyərləndirilib.”

Hepatit A (xalq arasında “sarılıq” deyilir) virusu ən çox çirkli sulardan keçdiyi üçün yay aylarında bu xəstəliyə tutulanların sayında hədsiz dərəcədə artım görünür. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da Hepatit A virusuna yoluxma riski daha çoxdur. Hepatit A xəstəliyinin simptomları: solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsi.

Həkim-infeksionist Vasif Əliyev qeyd edib ki, sarılıq xəstəliyi el arasında deyilən Hepatit A xəstəliyi daha çox fekal yolla yoluxur:

“Həmin 14 nəfərin ortaq ünvanı araşdırılmalıdır. Çünki həmin insanlar ortaq su və qida istifadə edə bilərlər. Ona görə bu epidemioloji tərəfindən araşdırılmalıdır. Çünki xəstəlik daha çox fekal-oral yolla yoluxur. Mütləq şəkildə araşdırılmalı və bu nəzarətə götürülməlidir. Xəstəliyin əsas qorunma yolu peyvənd olunmaqdır. Amma mütləqdir ki, gigiyena qaydaları da ciddi surətdə əməl olunsun. Əgər ortada bir təhlükə varsa, epidemioloji qurum bunu nəzarətə götürməlidir”.

Sarılıq dəri və göz ağlarının sarı göründüyü tibbi bir vəziyyətdir. Sarılıq əslində bir xəstəlik deyil, bir çox müxtəlif xəstəliklərin nəticəsi ola biləcək bir simptomdur.

Qeyd edək ki, TƏBİB-dən sözügedən ərazilərdən sarılıq xəstəliyi ilə bağlı müraciətlər daxil olduğu və pasientlərə zəruri tibbi xidmət göstərildiyi bildirilib. “Azərsu” isə sakinlərin içməli sudan yoluxucu xəstəliyə tutulması xəbərini təkzib edib.

Tacxeber.com

Oxşar xəbərlər