• 25 Noyabr 2024 21:41

Günə su içməklə başlayıb bitirməyin möcüzəvi faydası!

 

Ankara Onkoloji Təhsil və Araşdırma Xəstəxanasının professoru Halil Başar böyrəklərdə daş əmələ gəlməsinin qarşısını almaq üçün günə su ilə başlayıb bitirməyin çox vacib olduğunu açıqlayıb.

Tacxeber.com xəbər verir ki, mütəxəssislər sidik ifrazı zamanı ağrı, sidikdə qan, ürəkbulanma və ya qusma, tez-tez sidiyə getmə, qızdırma və üşütmə kimi halların böyrək daşı xəstəliyinin əlamətləri olduğuna diqqət çəkərək bu daşların əməliyyatla aradan qaldırıla biləcəyini vurğulayırlar.

Halil Başar qeyd edib ki, böyrək daşlarının əmələ gəlməməsi üçün mütləq gündəlik olaraq yetərli qədər su içilməlidir.

Böyrək daşı əmələ gəlməsinin daxili və xarici səbəblər olaraq ikiyə bölünməsini qabardan H.Başar gündəlik su içmə miqdarının vacibliyindən danışıb:

“Daxili səbəblər bədənin öz quruluşu ilə bağlı səbəblərdir. Buna genetikanı da əlavə etməliyik, amma bu məsələdə orqanizmin öz metabolizması rol oynayır. Xarici səbəblərə gəlincə, isti iqlimdə yaşayan insanlarda bədən suyu daha sürətlə sovrulur. Bu zaman gündəlik sidiyin miqdarı bir qədər azala bilər. Həmin şəxslər böyrəkdə daş əmələ gəlməsinə daha çox meylli ola bilər, çünki onların sidik filtrasiya sürəti az olur”.

Həkim böyrək daşının ağrısından da danışıb:

“Daş ağrısı əslində, kolik stili olaraq təsvir etdiyimiz bir ağrıdır. Birdən gəlir və sizi qıvrılamağa məcbur edir. Bu kolik ağrı təxminən 30 dəqiqə davam etdikdən sonra azalır. Bunun səbəbi daşın sidik yollarında gərginliyə səbəb olmasıdır. Bundan əlavə, daş sidik yollarının divarını qaşıdığı üçün orada kiçik qanaxmalara da yarada bilər. Ona görə də daş ağrısından əziyyət çəkən insanlarda sidikdə qanaxma müşahidə olunur.

Günə su ilə başlamaq və bitirmək, böyrəkləri və bədəni susuz qoymamaq, düşünürəm ki, bu, daş əmələ gəlməsinə qarşı profilaktik yanaşmada diqqətdə saxlayacağımız və tətbiq edəcəyimiz əsas prinsipdir. Bunu bütün xəstələrimə tövsiyə edirəm”.

Tacxeber.com

Oxşar xəbərlər